07/12/2023
Peyvəndlər ultrasəs istifadə edərək dəri vasitəsilə tətbiq oluna bilər. Bu üsul dəriyə zərər vermir və ağrılı iynələrə ehtiyacı aradan qaldırır.
Oksford Universitetindən Darcy Dann-Laules və həmkarları iynəsiz peyvəndi yaratmaq üçün peyvənd molekullarını zülallarla qarışdırıblar. Daha sonra maye qarışığı siçanların dərisinə tətbiq ediblər və ultrasəsə məruz qoyublar.
Əvvəlcə ultrasəs qarışığı dərinin yuxarı təbəqələrinə daxil olub, burada peyvəndlə dolu qabarcıqların meydana gəlməsinə səbəb olub. Ultrasəsin dəriyə təsiri davam etdikcə, qabarcıqlar partlayıb və peyvəndi buraxıb. Təcrübə davam etdikcə, partlayan qabarcıqlar həmçinin ölü dəri hüceyrələrinin bir hissəsini təmizləyərək dərini daha keçirici hala gətirib və getdikcə daha çox peyvənd molekulunun keçməsinə imkan verib.
İynə vaksin molekullarını dərinin altındakı əzələlərə yeridir, ultrasəs üsulu isə peyvəndi sadəcə dərinin yuxarı təbəqələrinə çatdırır.
Canlı siçanlar üzərində aparılan sınaqlarda tədqiqatçılar müəyyən ediblər ki, ultrasəs üsulu adi inyeksiyalara nisbətən 700 dəfə az peyvənd molekulu çatdırsa da, heyvanlar daha çox antikor istehsal edib.
Tədqiqatçılar bildiriblər ki, siçanlarda heç bir ağrı əlaməti və dərilərində heç bir nəzərəçarpacaq zədə olmayıb. Ekspert sözlərinə görə, antikor istehsalının artması dəridə əzələdən daha çox immun hüceyrələrin olması ilə bağlı ola bilər, lakin tədqiqatçılar hələ də araşdırmanı davam etdirirlər.
İynəsiz peyvəndlər bəzi insanlar üçün peyvənd narahatlığını azalda bilər, lakin geniş şəkildə istifadə edilməzdən əvvəl metodun insanlarda təhlükəsizliyi ilə bağlı daha çox məlumat tələb olunacaq.
Yeni peyvənd metodunun nə dərəcədə etibarlı olacağı ilə bağlı suallar qalmaqdadır. Çünki peyvənd molekulları qeyri-bərabər buraxılır və ya gözlənilməz miqdarda buraxılır, dərinin içindəki qabarcıqların partlaması gözlənilməz ola bilər.
Tədqiqat qrupu dəri altında peyvənd molekullarının paylanmasını ortaya qoyan kiçik qabarcıqların səsini qeyd edərək bu prosesi izləmək üçün daha yaxşı yollar hazırlamaq üzərində işləyirlər.