14/12/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun 2023-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan hesabat iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, institutun rəhbərliyi, Elmi Şura üzvləri, müvafiq laboratoriya və şöbə əməkdaşları iştirak ediblər.
İclası giriş nitqi ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 2023-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib.
Bildirib ki, 2023-cü ildə institutda 8 problem, 17 mövzu, (12-si riyaziyyat, 5-i mexanika), 8 istiqamət (6-sı riyaziyyat, 2-si mexanika) və 95 iş (1 mərhələ) üzrə (71-i riyaziyyat, 24-ü mexanika) elmi tədqiqatlar aparılmış, onlardan 94 iş və 1 mərhələ tamamlanıb. 8 elmi istiqamət üzrə 7 elmi iş mühüm nəticə verib. Həmin elmi istiqamətlər institutun əməkdaşları AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev, r.e.d., dosent Rövşən Bəndəliyev, r.ü.f.d., dosent Mehriban Ömərova “Sinqulyar inteqral operatorlar və onların kommutatorlarının ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında, stratifid Li qruplarında təyin olunmuş maksimal kommutator operatoru və maksimal operatorun kommutatorunun Orliç fəzalarında, Hausdorff tipli operatorların qrand və kvazi-qrand Lebeq fəzalarında məhdudluğu üçün meyarlar”, r.e.d., prof. Vüqar İsmayılov Ridge funksiyalar və neyron şəbəkələrlə yaxınlaşmalar “Hecht-Nielsen teoreminin ümumiləşməsi”, r.ü.f.d., dos. Səbinə Sadıqova “Banax funksiyalar fəzasında həyəcanlanmış eksponent sisteminin bazislik xassələrinin öyrənilməsində sərhəd məsələsi metodu”, f.-r.e.d., prof. Məmməd Bayramoğlu. “Dördüncü tərtib operator əmsallı diferensial tənlik üçün bəzi spektral məsələlər”, r.e.d., prof. Nazim Kərimov “Periodik sərhəd şərtlərinə malik yüksək tərtibli adi diferensial operatorların spektral, məxsusi və qoşulmuş funksiyalar sisteminin Lp fəzalarında bazislik xassələri”, AMEA-nın müxbir üzvü, prof. Qeylani Pənahov, t.e.n., dosent Eldar Abbasov “Heterogen sistemlərin birgə axınlarında yaranan qeyri stasionar, qeyri tarazlıqlı proseslərin nəzəri və tətbiqi əsaslarının işlənməsi”, m.e.d., dosent Elxan Abbasov, böyük elmi işçi Şüşə Kərimova “Periodik qaz- lift quyularının işləmə prosesinin modellədirilşməsi” elmi işləri mühüm nəticə kimi qəbul edilmişdir.
Bildirilib ki, hesabat ilində institutun alim və mütəxəssisləri tərəfindən ümumilikdə 275 elmi işi,115 məqalə (73-ü xaricdə),131 tezis (40-ı xaricdə), 1 monoqrafiya, 6 kitab (1dərslik, 2 test toplusu, 3 elmi-pedaqoji), 22 elmi populyar məqalə nəşr edilib. “Clarivate Analytics” və “Scopus” -un bazasına daxil olan nəşrlərdəki məqalələrin sayı 77-dir. İl ərzində institut əməkdaşlarının əsərlərinə 2000 istinad qeydə alınıb.
Professor Misir Mərdanov həmçinin cari ildə alınmış qrantlar, təltif və mükafatlar, yerli və beynəlxalq elmi qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən əməli tədbirlərdən bəhs edib.
Hazırda institutda 13 nəfər fəlsəfə doktoru hazırlığı üzrə təhsil alır. Onlardan 9-u əyani, 4-ü isə qiyabidir, 8 nəfər dissertant (onlardan 5 nəfər fəlsəfə doktoru, 3 nəfər elmlər doktoru hazırlığı üzrə təhsil alır. Dissertanturada 19 nəfər, onlardan 7-si elmlər doktoru, 12-i isə fəlsəfə doktoru üzrə təhsil alır, 11 nəfəri (7-si fəlsəfə doktoru üzrə və 4-ü elmlər doktoru olmaqla) dissertanturanı bitirmişdir. İnstitutun nəzdindəki fəaliyyət göstərən ED 1.04 dissertasiya şurasında 10 iclas keçirilib 6 nəfər fəlsəfə doktoru dissertasiya işlərini müdafiə etmişdir. Hesabat dövründə AMEA-nın müxbir üzvü Qeylani Pənahov, r.e.d. Vüqar İsmayılov –professor attestatlarını, Aydın Şükürov –riyaziyyat üzrə elmlər doktoru, Zakir Zabidov riyaziyyat üzrə fəlsəfə doktoru diplomlarını almışlar.
Qeyd edilib ki, institutda 4 jurnal nəşr olunmuşdur “Proceedings” – İF 0.52-dır, Q2, “AMEA-nın Xəbərləri” – İF 0.22-dır, Q4 (riyaziyyat buraxılışı), “Azerbaijan Journal of Mathematics” – İF 0.26-dır, Q3, “AMEA-nın Xəbərləri” (mexanika buraxılışı). Diqqətə çatdırılıb ki, bu il “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalına 0.90/0.60, “Azerbaijan Journal of Mathematics” jurnalına 0.78/0.80, «Citation İndikator» verilmişdir.
Həmçinin AMEA-nın institutlarının 3 jurnalı “Scopus”-un bazasında impakt faktora malikdi ki, onlardan hər 3-ü Riyaziyyat və Mexanika İnsitutunda nəşr olunur. Habelə institutun əməkdaşları xarici ölkələrin bir sıra nüfuzlu elmi jurnallarının redaksiya heyətinin üzvü və rəsmi rəyçisi omuşlar.
İnstitut rəhbəri elmin populyarlaşdırılması istiqamətində görülən işlərdən söz açıb, Riyaziyyat və Mexanika İnstitutunun fəaliyyəti 2023-cü ildə də KİV-də geniş işıqlandırılıb. İl ərzində www.imm.az saytına 470 xəbər yerləşdirilmiş və dünyanın 68 müxtəlif ölkəsindən 68562 baxış olmuşdur.
Həmçinin cari ildə təltif və mükafatlar, yerli və beynəlxalq elmi qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, institutda təşkil edilən beynəlxalq konfrans, ümuminstitut seminarlar, dəvətli məruzələr keçirilib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar olaraq 26-28 aprel 2023-cü il tarixlərində Riyaziyyat və Mexanika institutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı Beynəlxalq konfrans, 27 sentyabr “Akademik Azad Mirzəcanzadənin anadan olmasının 95 illiyi” həsr olunmuş Elmi sessiya keçirilmişdir.
İnstitutda ölkə tarixində əhəmiyyət daşıyan günlərdə – 20 yanvar anım günü. 26 fevral Xocalı soyqırımı, 31 mart Azərbaycanlıların Soyqırımı,“28 May Müstəqillik Günü”, 27 sentyabrda “Anım Günü”, 8 noyabr Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilmişdir. 14 mart tarixində Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Pi” gününə həsr olunmuş elmi seminarda institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Gənc alimlərin elmi tədqiqat işləri aparmaları və nüfuzlu jurnallarda məqalə çap etdirmələri ilə əlaqədar tövsiyələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək hesabatda qeyd olunan aktual elmi tədqiqatlar, gələcək prioritetlər barədə tövsiyələrini səsləndirib, cari ildə əldə olunan yüksək elmi statistik göstəriciləri müsbət qiymətləndirərək birgə əməkdaşlıq əlaqələrinin inkişaf etdiriləcəyinə əminliklərini ifadə edib. Qeyd edib ki, artıq həm dünya səviyyəsində, həm də ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən biri IV Sənaye İnqilabının çağırışlarından irəli gələn texnologiyaların, o cümlədən cəmiyyətin bütün sferalarında və hakimiyyət orqanlarının fəaliyyətində tətbiqidir. Elmin formalaşdırılması inkişafından irəli gələn bir sıra mühüm vəzifələrin həyata keçirilməsi, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmə inteqrasiya sahəsində elmi qurumların qarşısında mühüm vəzifələrin dayandığını qeyd edən akademik Rasim Əliquliyev bu işdə məsul qurumların, alim və mütəxəssislərin səfərbərliyinin zəruri olduğunu vurğuladı. Akademik elmin kommersiyalaşdırılması, gənc kadr potensialının inkişafı istiqamətində atılan addımları, institutda həyata keçirilən quruculuq işlərini xüsusi vurğulayıb, təqdim olunan hesabatı yüksək qiymətləndirərək institutun kollektivinə növbəti ildə müvəffəqiyyətlər arzlayıb.
Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
Açıq səsvermə keçirilərək hesabat Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.