20/12/2023
Texnologiya inanılmaz sürətlə inkişaf edir. İllər öncə fantastik filmlərdə gördüyümüz ağlasığmaz texnologiyalar artıq reallaşır. Belə ki, Sidney Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən fikirləri yazıya çevirən “BrainGPT” adlı sistem hazırlanır.
Sistem bir növ EEG və ya Elektroensefaloqramma kimi beyin siqnallarını müəyyən edir. İnsanların düşüncələri əsnasında meydana gələn beyin siqnalları xüsusi süni intellekt əsaslı alqoritm yardımı ilə yazıya çevrilir. Hazırda sınaqdan keçirilən bu sistem düşüncələri yazıya çevirməkdə yüksək dərəcədə uğur əldə etsə də, bəzən problemlər yaşanır.
“Bu tədqiqat EEG dalğalarını birbaşa başa düşülən dilə çevirmək üçün bir səydir və əhəmiyyətli irəliləyişi təmsil edir”, – deyə tədqiqat rəhbəri professor Lin inkişaf etdirdikləri sistem barəsində bildirib.
Onun sözlərinə görə araşdırmalar hələ davam edəcək. Belə ki, sistem hələlik tam dəqiqliklə çalışmır. Maraqlısı budur ki, sistem heç bir cərrahi əməliyyat tələb etmədiyi üçün asanlıqla insanlar üzərində sınaqdan keçirilə bilər. Məhz bu cəhətdən o, çox perspektivli hesab olunur və gələcəkdə kommersiya məhsuluna çevrilmə ehtimalı yüksəkdir.
respublika-news.az