24/12/2023
Yeni əsrdə Azərbaycanın yeni lideri olan İlham Əliyev Prezident seçiləndə 42 yaşı vardı. İyirmi il əvvəl – 2003-cü ildə xalqımız düzgün seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Bu gün ölkəmizə Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkişafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi.
Ulu Öndərin ideyalarının işığında Azərbaycan 20 ildə əsrə bərabər yol keçib. Ölkəmiz inkişaf edərək qüdrətli dövlətə çevrilib. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.
AZƏRTAC müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu, nəhayət, qalib sərkərdə kimi yazılan Prezident İlham Əliyevin bənzərsiz siyasi kursunun, qələbə strategiyasının bəzi məqamlarına nəzər salır.
“Əsrin müqaviləsi” ilə başlayan misilsiz inkişaf yolu
Ötən 20 ilə baxdıqda Azərbaycan iqtisadiyyatının daim davamlı və dinamik inkişaf etdiyini görərik. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, nəticəyə hesablanmış qərarları, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına adekvat cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq və regional layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib.
Son 20 ildə ölkəmiz misilsiz uğurlara imza atıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də uğurla davam etdirilib. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. 2020-ci ilin noyabrın 15-də Trans-Adriatik Boru Kəməri (TAP) istismara verilib. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.
Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu çəkilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.
Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir.
Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki – “Azerspace-2” orbitə çıxarılıb.
Azərbaycan hazırda ən qüdrətli dövrünü yaşayır. Bu, ilk növbədə, Ulu Öndərimizin həmişəyaşar ideyaları, Prezident İlham Əliyevin nəticəyə hesablanmış uzaqgörən qərarları, dünyadakı mövcud reallıqlara adekvat siyasəti sayəsində mümkün olub.
Azərbaycana uğur gətirən müstəqil xarici siyasət kursu
Prezident İlham Əliyevin müasir beynəlxalq münasibətlər sisteminə dərindən bələd olması, çevik diplomatik gedişləri ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Azərbaycan Prezidenti xarici siyasət kursunu bu prinsiplər əsasında qurub.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.
Əlbəttə, Ermənistan istisna olmaqla, bütün qonşular, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayır. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir.
Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun bariz göstəricisidir.
Düşünülmüş və konkret hədəfə istiqamətlənmiş xarici siyasətdə ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin həlli üçün hüquqi bazanın formalaşdırılması xüsusi yer tuturdu. Prezident İlham Əliyev bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə, mötəbər tribunalarda etdiyi açıq və prinsipial çıxışlarla buna nail oldu, dünyanı Azərbaycanın haqlı olduğuna inandıra bildi. Həmçinin münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər Vətən müharibəsində haqlı və ədalətli mövqeyimizi daha da gücləndirdi.
Prezident İlham Əliyevin qələbə strategiyası
Prezident İlham Əliyev qurucu, birləşdirici və islahatçı dövlət başçısıdır, hadisələrin axarını dəyişməyə qadir, dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Liderdir.
XXI əsrin əvvəllərində Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalq öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi və inamında yanılmadı. Ötən illər ərzində idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından Azərbaycan qədər öndə gedən ikinci ölkə olmayıb. İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən deyirdi ki, Ulu Öndərin siyasi kursunu dönmədən davam etdirəcək, hər bir vətəndaşın Prezidenti olacaq. Eyni zamanda, deyirdi ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəyik. Bu və digər vədlərin hər biri əməli işlərlə tamamlandı, Heydər Əliyevin başladığı işlər öz məntiqi sonluğuna çatdı.
Nəticə göz qabağındadır: Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Təbii ki, bir nömrəli problemimiz olan Qarabağ münaqişəsinin həlli üçün təkcə iqtisadi-hərbi güc yetərli deyildi. Bu, həm də diplomatik müstəvidə, informasiya cəbhəsində məqsədyönlü, fəal və ardıcıl iş aparılmasını tələb edirdi. Prezidentimizin illər boyu, xüsusən Vətən müharibəsi dövründəki titanik fəaliyyəti, beynəlxalq miqyasda dəstəyi təmin etməsi Qarabağ Zəfərində silahdan heç də az rol oynamadı. Bütün bunlar, eləcə də xalqın öz lideri ətrafında sıx birləşməsi, görünməmiş milli həmrəylik Qələbənin açarı oldu. Beləliklə, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.
Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə, həmçinin regionda yeni reallıqlar yarandı.
Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Postmüharibə dövrünün gündəliyini diktə edən Lider
Hadisələrin sonrakı gedişi bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev nəyi nə vaxt etmək lazım gəldiyini yaxşı bilir. 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması hərb tariximizə növbəti möhtəşəm Qələbə kimi yazıldı. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.
Üç ildir ki, postmüharibə dövrünü yaşayırıq və bu dövrün də öz hədəfləri var. Fəxrlə deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, onunla hesablaşırlar. Prezidentimizin cəsarətli, təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə aparır.
Qarabağ münaqişəsi tarixə qovuşdu, bölgədə yeni reallıqlar yarandı. Azərbaycan dövlətinin gücü sayəsində bu yerlərə həyat yenidən qayıdır. Prezident İlham Əliyev müharibədə olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı.
Ölkə başçısı üçün doğum günü təkcə yaş üstünə yaş gəlməsi deyil, həm də dövlət və xalq qarşısında hesabat məqamıdır. Bu baxımdan yanaşsaq, əsrə bərabər son 20 il bənzəri olmayan uğur salnaməsi kimi qəbul edilə bilər.
Tarix yazmaqda davam edən Prezident İlham Əliyev doğum günü ərəfəsində bir daha azad Qarabağı gəzdi – Xankəndidə, Şuşada, Xocalıda oldu, oradan dünyaya yeni mesajlar verdi. Biz bu xoş mənzərəni seyr edərkən xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin vətəndaşları olmağın tükənməz sevinc və qürurunu yaşayırıq. Bu şanlı tarix gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.
azertag.az