Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AZƏRBAYCANIN YEGANƏ NOBEL MÜKAFATÇISI


Onun adı Bakı Dövlət Universitetinin məzunlarının sırasındadır. O, 1922-1924-cü illərdə Bakı Dövlət Universitetində eyni vaxtda həm fizika-riyaziyyat, həm də kimya ixtisasları üzrə təhsil alıb. Söhbət Azərbaycan adına yeganə Nobel mükafatı qazanan Lev Landaudan gedir.

Lev Davidoviç Landau 1908-ci ilin 22 yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur. Fizikin elmi nailiyyətləri nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmişdir. Bunlara kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq-Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü və ikikomponentli neytronların nəzəriyyəsi misal göstərilə bilər. Nobel mükafatını qazanan 75 ölkə arasında  Azərbaycanın da yer alması qürurvericidir. Lev Landaunun beynəlxalq elm aləmində böyük şöhrəti, nüfuzu var və hamı onu azərbaycanlı kimi tanıyır.

Qeyri-adi istedada malik Landau 13 yaşında orta məktəbi bitirir və 14 yaşında BDU-ya qəbul olur. 1924-cü ildə Leninqrad Universitetinə göndərilir və 1927-ci ilədək təhsilini burada davam etdirir. Gənc alim 21 yaşında doktor dərəcəsi alır. 1929-cu ildə Kopenhagenə yola düşür və burada məşhur fizik Nils Borun Nəzəri Fizika İnstitutunda çalışmağa başlayır. 1936-1937-ci illərdə Lev Landau fazaların ikinci növ dəyişmələri nəzəriyyəsini və yüksəkkeçiricilərin aralıq vəziyyəti nəzəriyyəsini yaradır. 1937-ci ildə İosif Stalinin repressiya siyasətinin qurbanı olan Landau həbs edilir. Bu xəbər bütün dünyada böyük əks-səda doğurur. Nils Bor bununla bağlı Stalinə məktub yazır və Landaunun dünya elmi üçün dəyərli şəxsiyyət olduğunu bildirir, onun azadlığa buraxılmasını xahiş edir. 1939-cu ildə Landau həbsdən çıxır və yenidən elmlə məşğul olmağa başlayır.

O, 1962-ci il  yanvarın 7-də avtomobil qəzasına düşür. Üç ay komada qalan alim Moskvada müalicə alır. 1962-ci ilin sentyabr ayında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülür. Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə xüsusi hal kimi Lev Landaunun İsveçin Stokholm şəhərinə gedə bilməməsi nəzərə alınır və bu ölkənin Moskvadakı səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Qeyd edək ki, alim qatı maddə, xüsusilə maye heliumla bağlı nəzəriyyəyə görə Nobel mükafatı qazanıb. 1968-ci ilin 1 aprel tarixində dahi fizik dünyadan köçür. Hazırda Azərbaycanda Lev Landau adına küçə və lisey fəaliyyət göstərir.

respublika-news.az

Faydalı linklər