13/02/2024
Texnologiya nəhəngləri keçən aykı tendensiyanı davam etdirərək on minlərlə İT (İnformasiya Texnologiyaları) işçisini ixtisar edir. Qeyd edək ki, “Amazon”, “Google” və “Microsoft” kimi nəhəng şirkətlər gəlirlərini artırmaq üçün bu addımı atanlar arasındadır. Lakin bu dəfə vəziyyət daha fərqlidir. Çünki şirkətlər süni intellektdən istifadə edərək səmərəliliyi artırırlar və mütəxəssislərə ehtiyac qalmır.
Məlumata görə, 2023-cü ildə 2 mindən çox şirkət ümumilikdə 428836, başqa sözlə desək gündə təxminən 1175 nəfəri ixtisar edərək işdən çıxarıb. İndi isə təkcə bu ilin əvvəlindən 45 mindən çox İT işçisi ixtisar edilib. Qeyd edək ki, “Telefonica” şirkəti 3412, “Xerox” 3075, “Paypal” 2500, “Microsoft “1900, “Unity” 1800, “Google” mobil bölməsi və “eBay” 1000, “Twittch” isə 500 nəfəri işdən azad edib. Müəssisələr üçün proqram təminatının hazırlanmasında ixtisaslaşan və təxminən 8000 peşəkarı işə götürən alman şirkəti “SAP” da da eyni vəziyyətdir.
Ümumiyyətlə, süni intellekt texnologiya sənayesində işləyənlərin işinə çox zərər vurub desək yanılmarıq. Təbii ki, bu hal texnologiya nəhənglərinin səmərəliliyini artırsa da, minlərlə işçinin ixtisar olunmasına səbəb olur. Hətta bir çox İT mütəxəssisi kifayət qədər maliyyə dəstəyi olmadan işsiz qalır. Bu vəziyyət süni intellektdən istifadə artıqca günü-gündən daha da qəlizləşir.
respublika-news.az