Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alim İbrahim İbrahimov


İbrahimov İbrahim İbiş oğlu 1912-ci il fevralın 28-də Füzuli rayonunun Qarğaba­zar kəndində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1947-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini almış, 1959-cu ildə AEA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Azərbaycan Dövlət Universitetində dosent (1939-1947), 1946-cı ildən ömrünün sonunadək Funksiyalar nəzəriyyəsi üzrə ümumşəhər elmi seminarın rəhbəri, AEA Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri (1958-1959), AEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru (1959-1963), 1963-cü ildən ömrünün sonunadək Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri, Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri (1977-1994) olmuşdur.

İ.İbrahimov Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbini yaratmışdır. Analitik fuksiyanın ardıcıl törəmələri sisteminin və analitik funksiya vasitəsilə düzəldilən bəzi funksiyalar sistemlərinin tamlığını tədqiq etmiş və mühüm elmi nəticələr almışdır. Bu nəticələr sırasında onun akademik M.V.Keldışla birlikdə “Nyuton interpolyasiya sırasının bütün tam funksiyalar sinfində yığılması üçün dəqiq əlamət”ini tapması, akademik A.O.Gelfondla birgə interpolyasiya nəzəriyyəsinin üsulları vasitəsilə “İki nöqtə haqqında problem” adlanan məsələni həll etməsi funksiyalar nəzəriyyəsinin böyük elmi nailiyyəti və bir sıra elmi tədqiqatların çıxış nöqtəsi olmuşdur. Kompleks dəyişənli funksiyaların sonsuz oblastlarda tam funksiyalar vasitəsilə yaxınlaşdırılması məsələlərinə həsr olun­muş əsərlərində onun tədqiq etdiyi əsas sahələr öz əksini tapmış, həm özünün, həm də tələbələrinin əldə etdiyi nəticələrlə kompleks və həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi sahəsində mühüm əhəmiyyətli silsilə tədqiqatların təməlini qoymuşdur.

İ.İbrahimovun Azərbaycanda ali riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xid­mətləri vardır.

200-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifidir. 60-dan çox fəlsəfə doktoru və 10 elmlər doktoru hazırlamışdır.

1986-cı ildə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuş, 1988-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adını almışdır.

Akademik İbrahim İbrahimov 1994-cü ildə Bakıda vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər