Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda 5 nömrəli “Uşaq-Gənclər İnkişaf Mərkəzi”-nin  müəllim və şagirdləri ilə görüş keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunda 2023-2024- cü tədris ilinin Tədbirlər planına əsasən “Elm festivalı” çərçivəsində 9 mart tarixində 5 nömrəli “Uşaq-Gənclər İnkişaf Mərkəzi”-nin Elm və Texnika şöbəsinin müəllim və dərnək üzvləri ilə görüş keçirilib.

Görüşdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov şagirdlərə institutun tarixi, fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətləri barədə danışıb. Professor elmə marağı olan gənclərin yetişdirilməsində elmi müəssisə və təşkilatların geniş imkanlara malik olduğunu söylədi, rəhbərlik etdiyi institutda gənc tədqiqatçıların hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Misir Mərdanov şagirdlərə dəstək olduqlarına görə tədbirdə iştirak edən 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”-nin rəhbər və müəllimlərə minnətdarlığını bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Tədbirdə fizika- riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Əbdürrəhim Quliyev şagirdlərə gözəlliyin riyazi formulu olan, “Qızıl Kəsiklər”-dən danışdı. Qızıl bölgünün bir rəqəmin insanlıq, elm və incəsənət tarixində oynadığı möhtəşəm rolundan söhbət açdı. Qeyd edib ki, hazırda “Qızıl kəsik” praktiki fəaliyyətdə istifadə olunur — riyaziyyatda, texnikada, musiqidə, estetikada və s. Alim institutda şagirdlərlə keçirilən görüşün məqsədinin onlarda elmə marağın artırılması, bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olduğunu bildirib. Natiq vurğuladı ki, gələcək elmi inkişaf məhz bugünkü tələbə və şagirdlərin çiyinlərindədir və onlar yaradılmış şəraitdən maksimum yararlanmağa çalışmalıdırlar.

Sonra 5 nömrəli UGİM -nin direktoru Elza xanım Orucova çıxış edərək İnstitutun kollektivinə təşəkkürünü bildirdi. Elmi-texniki şöbənin fəaliyyəti haqqında geniş məlumat verdi. E.Orucova şöbədə 700-dən çox şagirdin dərsdən sonrakı vaxtlarının səmərəli təşkil edilməsinə, yaradıcılıq qabiliyyətlərinin, məntiqi təfəkkürlərinin inkişafına, proqram materialının dərindən mənimsənilməsinə, məktəblilərin müstəqil bilik qazanmağına, sərbəst fikir söyləməyinə, təşkilatçı, lider olmaqlarına yaxından köməklik göstərdiklərini bildirdi.

Tədbirdə mövzu ilə bağlı müzakirələr təşkil olunmuş, şagirdlərin sualları cavablandırılmışdır.

Sonda xatirə şəkli çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər