17/05/2024
Sürətlə inkişaf edən dünyada iqtisadi artım, sosial inkişaf və ümumi tərəqqi üçün rəqəmsal innovasiya əsas amillərdəndir. Rəqəmsal innovasiya sənayeni dəyişdirir, səmərəliliyi artırır, fərqli imkanlar yaradır, yeni texnologiyaların işlənib hazırlanmasını və tətbiqini əhatə edir. Onun vasitəsilə biznesmenlər əməliyyatları optimallaşdıra, hökumətlər dövlət xidmətlərini təkmilləşdirə, fərdlər isə müxtəlif informasiya və resurslara daha asan çata bilərlər.
Hər il mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü (WTISD) kimi qeyd edilir. 2005-ci ildə Tunisdə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin Beynəlxalq informasiya cəmiyyəti günü elan edilməsi ilə bağlı müraciət edilib. 2006-cı il martın 27-də BMT Baş Assambleyası bu tarixi Beynəlxalq informasiya günü elan edib, daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2006-cı ilin noyabrında 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunması ilə bağlı qərar qəbul edib. BTİ tərəfindən təsis edilən bu gün internet və digər informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və iqtisadiyyatlara gətirə biləcəyi imkanlar haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır. Həmçinin “rəqəmsal uçurumun” aradan qaldırılması yollarını təşviq edir.
Rəqəmsal innovasiyanın mərkəzində mürəkkəb qlobal problemləri həll etmək potensialı dayanır. Məsələn, süni intellekt kimi sahələrdəki irəliləyişlər proqnozlaşdırıcı diaqnostika vasitəsilə səhiyyədə inkişafı təmin edir, “ağıllı əkinçilik” vasitəsilə kənd təsərrüfatında məhsuldarlıq artırılır və mürəkkəb ekoloji monitorinq sistemləri ilə iqlim dəyişmələrinə qarşı mübarizə aparılır. Bundan əlavə, rəqəmsal innovasiya təhsil, səhiyyə və iqtisadi sahədə boşluqları aradan qaldıraraq icmalarda inklüzivliyi gücləndirir. Rəqəmsal alət və platformalardan istifadə etməklə cəmiyyətlər əsas xidmətlərə daha asan çıxış əldə edə, bununla da həyat keyfiyyətini yüksəldə bilir. Əslində rəqəmsal innovasiya yalnız texnoloji irəliləyişdən ibarət deyil, daha yaxşı, əlaqəli dünya yaratmaq üçün texnologiyadan istifadə etməkdir.
Rəqəmsal innovasiya iqlim dəyişmələrinə qarşı mübarizədən tutmuş aclıq və yoxsulluğun aradan qaldırılmasına qədər dünyanın ən aktual problemlərinin öhdəsindən gəlməyə kömək edə bilər. Rəqəmsal texnologiyalar vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində hədəflərin 70 faizinə çatmaq qarşıya qoyulub. Hazırda milyardlarla insanın internetə çıxışı, bir çox ölkələrin rəqəmsal bacarıqları yoxdur. Onlar bu günün sürətlə dəyişən rəqəmsal mənzərəsində ayaqlaşmaq üçün mübarizə aparırlar.
Azərbaycan regionda bu sahədə lider kimi çıxış edir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz ulu öndərin Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Həmin tədbirlərin davamı olaraq “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya həyata keçirilib. 2021-ci il yanvar ayının 6-da Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb.
Ölkəmiz öz infrastrukturuna qabaqcıl texnologiyaların inteqrasiyası, dövlət xidmətlərinin təkmilləşdirilməsi və rəqəmsal artıma şərait yaradan mühitin formalaşması üçün müxtəlif təşəbbüslər həyata keçirib. Dövlət idarəçiliyinin səmərəliliyini və əlçatanlığını artırmaq üçün elektron hökumət xidmətlərinə böyük həcmdə sərmayə qoyulub. “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. “ASAN xidmət” modeli innovativ yanaşması ilə beynəlxalq səviyyədə tanınıb və bir sıra mükafatlar qazanıb. Azərbaycan daha geniş iqtisadi diversifikasiya strategiyasının bir hissəsi kimi rəqəmsal iqtisadiyyatın inkişafına üstünlük verir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, həmçinin Yüksək Texnologiyalar Parkının yaradılması bunu bir daha təsdiq edir. Bu təşəbbüslər innovasiyaları inkişaf etdirmək, xarici investisiyaları cəlb etmək və biliyə əsaslanan iqtisadiyyatın böyüməsini stimullaşdırmaq üçün nəzərdə tutulub.
Rəqəmsal infrastrukturun təkmilləşdirilməsi Azərbaycanın diqqət mərkəzindədir. Ölkəmiz xüsusən kənd yerlərində və xidmət göstərilməyən ərazilərdə yüksəksürətli internetə çıxışın genişləndirilməsinə əhəmiyyətli investisiyalar yatırıb. Rəqəmsal Bacarıqların İnkişafı Proqramı kimi təşəbbüslər tələbələri və işçi qüvvəsini rəqəmsal dünyada inkişaf etmək üçün lazımi şəraitlə təchiz etmək məqsədi daşıyır.
Hər il WTISD telekommunikasiya və informasiya cəmiyyəti sektorunda mövcud problemlərə və imkanlara toxunan mövzulara diqqət yetirir. Son mövzu İKT vasitəsilə ən az inkişaf etmiş ölkələrin səlahiyyətlərinin artırılması, rəqəmsal boşluğun azaldılması və rəqəmsal savadlılığın təşviqini əhatə etmişdir. 2024-cü ildə isə mövzu davamlı inkişafa təkan vermək və insanların rifahını yaxşılaşdırmaq üçün süni intellektin potensialını vurğulayaraq “AI for Good” şüarı əsasında müəyyənləşdirilib. Bu mövzu iqlim dəyişmələri, səhiyyə və təhsil kimi qlobal problemləri həll edə bilən inklüziv süni intellekt həllərinə ehtiyac olduğunu göstərir. 2024-2025-ci illər ərzində problemi həll etmək məqsədilə “Yaxşı Gənclik üçün Robototexnika” müsabiqəsinə start verilib. Qadınları kiber-diplomatlar kimi hazırlamaq üçün “Her CyberTracks” təşəbbüsü irəli sürülüb. Bu, milli və beynəlxalq kibertəhlükəsizlik siyasətində iştirak edən Afrika və Avropa, MDB regionlarından olan qadınların potensialın artırılmasını nəzərdə tutur.
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü sadəcə bir tarix deyil, İKT-nin gücündən daha çox faydalanmaq üçün kollektiv məsuliyyətin artırılmasıdır. İnnovasiya, inklüzivlik və davamlı inkişafa diqqət yetirməklə, rəqəmsal texnologiyaların hesabına güclü bir gələcək yarada bilərik.
respublika-news.az