Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün görkəmli alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru,AMEA-nın müxbir üzvü, professor Arif Babayevin anım günüdür.


İyunun 5-i görkəmli alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru,AMEA-nın müxbir üzvü, professor Arif Babayevin anım günüdür.Babayev Arif Əliheydər oğlu 1934-cü il noyabırın 11-də anadan olmuşdur. Azərbay­can Dövlət Universitetinin Fizika-riyaziyyat fa­kül­təsini riyaziyyat ixti­sası üzrə bitirmişdır (1957).

1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiya­sını müda­fiə etmişdir. 1976-cı ildə AEA-nın müxbir üz­vü seçilmişdir. Azərbay­can Dövlət Universi­teti­nin Mexanika-riyaziyyat fakültəsində mü­əl­lim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalış­mışdır.

A.Babayev qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yega­nəliyi haqqında bir sıra yeni teoremlər isbat etmiş, qeyri–hamar qapalı inteq­rallama əyrisi üzrə sinqulyar inteqralı tədqiq etmiş, xətti və qeyri-xətti sinqul­yar inteqral tənliklərə tətbiq etmişdir. Açıq əyri üzrə Koşi nüvəli sin­qul­yar inteqral operatorun tədqiqi üçün yeni üsul vermişdir ki, bu üsul əsasında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi yara­dılmışdır. Koşi tipli inteqral və qeyri-hamar qapalı düzləndirilə bilən əyri üzrə sinqulyar inteqral haqqında klassik Plemel-Privalov problemini həll etmişdir. Sinqulyar inteqralın və bu inteqralın təsir etdiyi fəzaların diskret analoqları, həmçinin bu anlayış­la­rın qeyri-xətti sinqulyar inteqral tənliklərin təqribi həllinə tətbiqləri veril­mişdir.

Bilavasitə iştirakı və rəhbərliyi altında qeyri-xətti sinqulyar inteqral tənlik­lərin lokal nəzəriyyəsi, bu tənliklərin təqribi həlli üsulları, oblast üzrə çoxölçülü sinqulyar inteqral operatorlar və tənliklərin lokal nəzəriyyəsi inkişaf etdirilmiş və funksional fəzaların daxilolma teoremlərinə və s. tətbiq edil­mişdir.

A.Babayevin rəhbərliyi altında 40-dan çox namizədlik və doktorluq disser­tasiyası müdafiə edilmişdir.

A.Babayev “Şərəf nişanı” ordeni (1976), Əməkdar elm xadimi (1992) fəxri adı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Arif Babayev 1998-ci ildə Bakıda vəfat etmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər