27/06/2024
NASA-nın yerinə yetirdiyi əsas işlərdən biri də Yer kürəsi üçün potensial təhlükəli ola biləcək asteroid və kometaların hərəkətlərini nəzarətdə saxlamaqdır. İndi isə NASA bu mövzu ilə bağlı yeni hesabatını təqdim edib. Təqdim edilmiş hesabatda qeyd edilib ki, kosmik agentlik planetin asteroid ilə toqquşma halından qorunması üçün lazımi infrastruktura sahib deyil. Hesabatda NASA daxilində planetin asteroid ilə toqquşması ssenarisi üzrə xüsusi təlimlərin keçdiyi qeyd edilib. Keçirilmiş həmin təlimlər çərçivəsində 12 iyul 2038-ci il tarixində Yer kürəsinin asteroid ilə 72%-lik ehtimal ilə mümkün toqquşmasını əhatə edən vəziyyət nəzərdən keçirilib. Təlimlər çərçivəsində tərtib edilmiş ssenariyə əsasən toqquşma potensialına sahib asteroidin diametri 60 metrdən 800 metrə qədər təşkil edib.Toqquşma nəticəsində heç kimin zərər çəkməmə ehtimalı 45%, 1000 nəfər insanın zərər çəkmə ehtimalı 47%, 100 000-dən çox insanın zərər çəkmə ehtimalı 28%, 1 milyondan çox insanın zərər çəkmə ehtimalı 8%, 10 milyondan çox insanın zərər çəkmə ehtimalı isə 0.04% qiymətləndirilib. Zərər çəkəcək zonalar kimi ABŞ, Meksika, Portuqaliya, İspaniya, Tunis, Əlcəzair, Liviya, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla geniş ərazi seçilib. NASA-nın bu təlimlərdə iştirak etmiş bir çox şöbəsi kosmik agentliyin belə hallardakı tədbirlərində çoxlu sayda kritik boşluqlar aşkar ediblər. Əsasən də planlaşdırma və kommunikasiya mövzularında. Məsələn hesabatda qeyd edilib ki, asteroidin Yer kürəsinə yaxınlaşma halının aşkar edildiyi vəziyyətdə buna konkret təyin edilmiş reaksiya prosesi mövcud deyil.Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, indiyənə kimi Yer kürəsinin asteroidlə toqquşmasının qarşısının alınması mövzusunda yalnız bir praktik təcrübə keçirilib. Söhbət, Double Asteroid Redirection Test (DART) missiyasından gedir. Qeyd etmək lazımdır ki, 2022-ci ilin ikinci yarısında baş tutmuş bu missiya çərçivəsində DART adlı kiçik ölçülü kosmik aparat Dimorf adlı asteroidin hərəkət trayektoriyasını dəyişmək üçün onunla toqquşmuşdu. “Asteroidlə toqquşma təhlükəsi halında ola biləcək kosmik missiyaların reallaşdırılması qərarının qəbul edilməsi prosesi hələ də qeyri-müəıyyən olaraq qalır. Bu proses nə ABŞ-da nədə ki, beynəlxalq səviyyədə konkret şəkildə təyin edilməyib” – deyə hesabatda qeyd edilib.
technote.az