Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Süni intellektin inkişafı bəşəriyyətə nə vəd edir?


Dünyada müxtəlif süni intellekt vasitələrinin istifadəsi ilə bağlı müzakirələr səngimir. Bəşəriyyət bu vasitələrin faydalı tərəfini və onlardan istifadə etməyin hansı risklərə səbəb olduğunu öyrənmək məqsədilə müzakirələri davam etdirir.

Süni intellekt (A.İ. Artifical İntelligence) haqqında məlumat Alan Tyurinqin 1950-ci ildə yazdığı “Hesablama maşınları və intellekt” (“Can machines think”) adlı məqaləsindən sonra yayılmağa başladı. 6 ildən sonra 1956-cı ildə bu mövzuda ilk konfrans keçirildi. Süni intellekt terminindən ilk dəfə Con Makkarti istifadə edib.

Süni intellekt (Sİ) – robot və ya kompüterin əvvəllər insanın səlahiyyəti hesab olunan müxtəlif vəzifələri yerinə yetirmə qabiliyyətidir. Sadə dillə desək, bu, məlumat toplamağa, qanunauyğunluqları aşkar etməyə, proqnozlar verməyə kömək edən vasitələr toplusudur.

Onun jurnalistikada necə dəyişikliklər yaratdığını müşahidə edərkən, deyə bilərik ki, bu, mətbuat aləmində heç də yenilik deyil. Sİ-nin köməyi ilə birja, hava və yol proqnozları hazırlanır, həmçinin o, böyük həcmli məlumatları nəzərdən keçirə və strukturlaşdıra bilir.

Bundan əlavə, faktiki olaraq, Sİ, ilk növbədə, adətən darıxdırıcı və çox vaxt aparan hazırlıq işlərini yerinə yetirir. Həmçinin görüş protokollarını, uzun mətnlərin xülasəsini, müsahibələr hazırlaya bilir. Bu, jurnalist araşdırmaları və mətnlərin yazılması kimi mürəkkəb işlər üçün redaktorlara vaxt verir.

Qeyd etmək lazımdır ki, Sİ-nin fəaliyyətinin nəticələrindən istifadə diqqətli davranış tələb edir. Sİ-nin daha çox feyk xəbərlərin yayılmasına şərait yaratması faktı mütəmadi tənqid olunur. Bu, doğrudur, lakin eyni zamanda belə məqsədyönlü dezinformasiya da öz növbəsində ifşa edilir. Onun genişləndirilməsinin jurnalistləri işsiz qoyacağına dair narahatlıqlar da artır. Lakin alimlər yekdilliklə bəyan edirlər ki, bu, baş verməyəcək. Sİ vasitəsilə təqdim edilən məlumatın nə qədər etibarlı olması məsələsi də getdikcə aktuallaşır. Bu səbəbdən nüfuzlu KİV subyektləri Sİ-nin yaratdığı bütün kontenti yoxlayırlar. Sİ vasitəsilə yaradılmış və ya onun köməyi ilə modifikasiya edilmiş şəkillər bütün etibarlı KİV-lərdə xüsusi etiketlənir.

Süni intellektin faydası şübhəsizdir, lakin, eyni zamanda çoxlarının intellektual əmək və yaradıcılıq sahəsində rəqabətqabiliyyətliliyi olmaya bilər. Bu zaman etika və təhlükəsizlik məsələləri daha da aktuallaşır.

Bu yaxınlarda BƏƏ-də keçirilən Ümumdünya Hökumətlər Sammitində (World Government Summit) qeyd edilib ki, hazırda Sİ sivilizasiya üçün ən böyük risklərdən birinə çevrilir və tənzimlənməyə ehtiyac duyulur. Çünki nəzəri cəhətdən elə məqam yaranar ki, Sİ-nin inkişaf mərhələsi reallığın proqnozlaşdırılmasını şübhə altına ala bilər.

Yeri gəlmişkən, Sİ-nin insanların psixi sağlamlığına təsirini də qeyd etmək lazımdır. Psixi sağlamlıq, ilk növbədə, insanın öz qabiliyyətini nümayiş etdirmək, streslərə qarşı çıxmaq, məhsuldar işləyib cəmiyyətə töhfə vermək bacarığını ifadə edən vəziyyətidir. Ümumiyyətlə, həyatımız bunun ətrafında dövr edir: ya stresi aşır, ya da daha yüksək materiyalara, mənəvi inkişaf, özünümüdafiə, yaradıcılıqla məşğul olmağa ehtiyac duyuruq. Texnologiyalar artıq bir çox sahədə insanın intellektual əməyini dəyişmək imkanını nümayiş etdirir. Bu proses çevik, daim öyrənmək istəyənlərə asan və belə bacarıqları olmayanlar üçün kifayət qədər çətin olacaq.

Sİ-nin gündəlik həyatda rolunu nəzərə alaraq qeyd etmək lazımdır ki, onlar məlumatları tez emal edir, ötürür və yaradıcılıq funksiyalarını yerinə yetirirlər. Onlardan adətən marketinq, bank, səhiyyə, maşınqayırma və sənaye sahələrində daha çox istifadə olunur.

Əlbəttə ki, Sİ-nin həm üstünlükləri, həm də çatışmazlıqları var. Alimlərin qeyd etdiyi kimi, üstünlükləri – insan kimi səhv etməməsi, sıfır risklər, fasiləsiz əlçatanlılıq, daha tez qərar qəbul etmək qabiliyyətidir. Süni intellektin çatışmazlıqları isə ondadır ki, bu vasitələrə böyük xərc çəkilir, kifayət qədər yaradıcı deyillər, iş yerlərinin azalmasına səbəb olur və s. Buna baxmayaraq, süni intellektin əhəmiyyəti və müxtəlif sahələrə təsiri danılmazdır. Gündəlik fəaliyyəti avtomatlaşdırmaq, eyni zamanda çevik şəkildə biznesin davamlılığını təmin etmək qabiliyyəti onun əhəmiyyətini artırır. Əgər süni intellektin sənətdə tətbiqi məsələsinə toxunsaq, bu, yeni yaradıcılıq imkanları açmaqla yanaşı, həm də mürəkkəb etik və fəlsəfi məsələlər doğurur. Bu məsələlər müəlliflik, orijinallığa, incəsənətin dəyərlərinə və yaradıcılıq prosesində insanın roluna aiddir.

Sİ-nin incəsənətdə istifadə edilməsinin etik və fəlsəfi aspektləri özündə mürəkkəb və çoxşaxəli sahəni ehtiva edir. Onlar həm Sİ-nin texniki imkanlarının, həm də yaradıcılıq, mədəniyyət və incəsənətlə bağlı əsas məsələlərin qavranılmasını tələb edirlər. Bu məsələlər gələcəkdə incəsənət və texnologiya sahəsində debat və tədqiqatlara zərurət yaradacaq.

Sənət sahəsində süni intellektin tətbiqi, eyni zamanda yeni dəyişikliklərin çox olacağını vəd edir. Sİ texnologiyaları inkişaf etdikcə onun incəsənətdə rolu genişlənəcək, insan və maşın arasında yaradıcı, qarşılıqlı əlaqə yaratmaq üçün yeni üfüqlər açacaq.

respublika-news.az

Faydalı linklər