13/08/2024
Mikroplastiklər artıq öz varlığını həyatımızın hər sahəsində hiss etdirir və sağlamlığımıza zərər verir. Guangzhou Tibb Universiteti və Jinan Universitetindən olan araşdırma qrupu okeanların ən dərin nöqtələrində belə qarşılaşdığımız mikro və nanoplastikləri (NMP) içdiyimiz sudan filtrləmək üçün sadə, eyni zamanda da çox effektiv üsul tapıb. Komandanın müxtəlif mənbələrdən götürülən su üzərində sınaqdan keçirdiyi üsul, suyun NMP-lərdən azad olunacağına ümid verib. Nəticələr suyun növündən, tətbiq edilən qaynama və filtrləmə prosesindən asılı olaraq dəyişsə də, NMP-lər 90 faiz dəyərində aradan qaldırıla bilib.
Tədqiqatçıların apardığı təcrübədə su əvvəlcə qızdırılıb, sonra süzülüb. Xüsusilə tərkibində əhəng olan kran suyunda adıçəkilən maddələrin çıxarıldığı müşahidə edilmişdir. Mütəxəssislərin fikrincə, bu üsul NMP-lərdən zərərsiz şəkildə xilas olmağa imkan verir. Tədqiqat qrupu ümid edir ki, bu metod bütün dünyada həmin maddələrin təsirini azaltmaq üçün uzunmüddətli strategiya kimi istifadə edilə bilər. NMP-lərin bağırsaq mikrobiomunda dəyişikliklərə və bədənin antibiotiklərə qarşı müqavimətinin azalmasına səbəb olduğu bilinir. Alimlər ümid edirlər ki, bu strategiyanın daha geniş tətbiqi ilə mikroplastiklərin bədənimizə mənfi təsirləri azaldıla bilər.
respublika-news.az