14/08/2024
Türkiyədə 13,000 illik məbəddə dünyanın ən qədim təqvimi aşkar olunub. Böyük bir daş sütuna oyulmuş naxışlar günəş, ay və bürclərin fazalarını əks etdirir və bu da onun ən qədim lunisolar (Ay və Günəş) təqvimi olduğunu göstərir. Ehtimal edilir ki, bu təqvim, fəlakətli bir kometanın düşməsini qeyd etmək üçün oyulmuş ola bilər.
İyulun 24-də “Time and Mind” jurnalında dərc olunan araşdırmaya görə, arxeoloqlar Türkiyənin cənubunda çoxlu məbədləri ilə məşhur olan Göbəklitəpə arxeoloji ərazisində daş üzərində işlənmiş rəsmlər aşkar ediblər.
Edinburq Universitetinin yaydığı açıqlamaya görə, yeni araşdırılan sütunda 365 “V” şəkilli simvol var. Tədqiqatçılar hər bir “V” işarəsinin bir günü təmsil etdiyini və təqvimin “12 ay təqviminə əlavə olaraq 11 əlavə günü” əhatə etdiyini düşünürlər.
“V” simvollarından əlavə, alimlər boynunda “V” şəkilli oyma olan “quşabənzər yırtıcı” fiqurunu da təhlil ediblər. Açıqlamaya görə, bu fiqur, rəsmin oyulduğu dövrdə “yay gündönümü bürcünü” təmsil edə bilər.
Ehtimal edilir ki, eramızdan əvvəl 10850-ci ildə cızılmış oymalar, o dövrdə baş vermiş kometa zərbəsini qeyd etmək üçün bir üsul idi. Deməli, həmin dövrün erkən sakinləri “günəş, ay və bürclər üzərində müşahidələrini günəş təqvimi şəklində qeyd edə bilirdilər” – deyə açıqlamada bildirilir.
Tədqiqatçıların fikrincə, buz dövrünə səbəb ola biləcək kometa zərbəsinin təsiri Göbəklitəpədə mədəni dəyişikliyə səbəb olmaq üçün kifayət idi və hətta “yeni bir kult və ya dinin” meydana gəlməsi ilə nəticələnə bilərdi.
Edinburq Universitetinin mühəndisi, tədqiqatın müəllifi Martin Svitman bildirib ki, “Görünür, Göbəklitəpə sakinləri səmanı diqqətlə müşahidə edirdilər. Bu da təbiidir, çünki dünyaları kometa zərbəsi ilə məhv olmuşdu… Bu hadisə yeni bir dinin yaranmasına, soyuq iqlimə uyğunlaşmaqla kənd təsərrüfatının inkişafına və yeni sivilizasiyanın formalaşmasına təkan vermiş ola bilərdi. Ola bilsin ki, onların gördüklərini qeyd etmək cəhdləri minilliklər sonra yazının inkişafı istiqamətində atılan ilk addımlardır.”
Bu fiqurlar Türkiyənin Urfa bölgəsindəki digər arxeoloji məkanda tapılanlara bənzəyir.
science.gov.az