21/08/2024
Səudiyyə Ərəbistanının tabeliyində olan şirkət 2025-ci ilin əvvəlində Misirin yeni paytaxtında enerji tələbatının böyük hissəsi təmiz hidrogenin emalı sayəsində təmin olunan 55 mərtəbəli ofis göydələninin inşasına start verəcək.
Təxminən 1 milyard dollara qədər xərc tələb edən bu yeni layihə davamlı iqtisadiyyata və eləcə də istehsala töhfə verəcək. Layihənin ilk qərarı 2023-cü ilin yanvar ayında Davosda keçirilən 53-cü Dünya İqtisadi Forumunun sonuncu günündə imzalanıb. Tikinti işləri “Saudi Arabian Group Rawabi Holding”in törəmə şirkəti olan “Saudi Arabia Magnomy Registry” tərəfindən aparılacaq.
Göydələnin damına quraşdırılan günəş panelləri onun elektrik enerjisinin 25 faizini təmin edəcək. Elektrik enerjisinin qalan hissəsi isə göydələnə ötürüləcək hidrogendən alınacaq. Qeyd edək ki, layihə çərçivəsində Misirin heç bir kommunal xidməti ilə əməkdaşlıq nəzərdə tutulmur. Belə ki, göydələn bütün enerji tələbatını öz hesabına qarşılayacaq. Bundan əlavə, binada iki ədəd super yüksək sürətli VIP lift quraşdırılacaq. Təhlükəsizlik baxımından isə tikili həm fiziki, həm də kiber müdaxilənin qarşısının alınması sistemləri ilə təchiz olunacaq.
respublika-news.az