02/09/2024
NASA Arktikada buz qatının altında kəşfiyyat işləri aparacaq sualtı robotlar hazırlayıb.
“IceNode” adlanan layihə buz qatının ərimə sürətini təyin etməyə kömək edəcək avtonom robotlar parkının yaradılmasını nəzərdə tutur.
NASA-nın Cənubi Kaliforniyadakı Reaktiv Sürət Laboratoriyasının mühəndisləri Alyaskanın şimalındakı küləkli, donmuş Bofort dənizinin ucqar bir hissəsində qalın buz təbəqəsindəki dar bir çuxurdan aşağıya baxaraq robotu sınaqdan keçiriblər. Buzlağın altına enən silindrik robot soyuq okeanda sınaq elmi məlumatları toplayıb.
Bu sınaq mühəndislərə Arktikada öz prototip robotlarını idarə etmək şansı verir. Bu, həm də onların “IceNode” adlı layihəsində yekun bir addım olub. Alimlər donmuş qitənin nə qədər sürətlə buz itirdiyini və bu ərimənin qlobal okeanda səbəb ola biləcəyi fəsadları hesablamaq üçün Antarktikadakı buz qatlarına nüfuz edəcək avtonom robotlar donanmasından istifadə edəcəklər.
Tədqiqatçılar bildirirlər ki, əgər Antarktidanın buz təbəqəsi tamamilə ərisəydi, qlobal dəniz səviyyəsi təxminən 60 metr qalxardı. İqlimin istiləşməsi okeanın səthində əriməyə səbəb olduğu kimi, buz qatı da dərinlikdə dövr edən isti okean suyu ilə təmas halında sürətlə əriyir. Dəniz səviyyəsinin yüksəlməsini proqnozlaşdıran kompüter modellərini təkmilləşdirmək üçün alimlərə buz qatlarının altında daha dəqiq ərimə nisbətlərini öyrənmək lazımdır.
Əsas çətinlik alimlərin əriməni ölçmək istədikləri yerlərin Yer kürəsinin ən əlçatmaz nöqtələri arasında olmasıdır. Xüsusən, tədqiqatçılar üzən buz təbəqələrini, okeanın və qurunun qovuşduğu “torpaqlama zonası” kimi tanınan sualtı ərazini hədəf almaq və xəritədə göstərilməmiş buzun ən sürətlə əriyə biləcəyi boşluqların dərinliklərinə baxmaq istəyirlər. Belə ki, peyklər bəzən buzun altında olan boşluqları görə bilmir. “IceNode” məhz bu problemi həll etmək üçün nəzərdə tutulub.
Layihənin elmi rəhbəri Yan Fenti bildirib: “Biz illərdir bu texnoloji və logistik çətinliklərin öhdəsindən necə gələcəyimizi düşünürdük. İndi problemi həll etməyin yolu tapılıb. Məqsəd buz şelfinin altındakı buz-okean ərimə interfeysində bilavasitə məlumat əldə etməkdən ibarətdir”.
azertag.az