Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi tədqiqatların fəal təşkilatçısı və rəhbəri


AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahov 25 avqust 1954-cü ildə Qusar rayonunun yüksək dağlarda yerləşən Ənix kəndində İkinci Dünya müharibəsi veteranı, kənd ağsaqqalı Minhac Pənahovun ailəsində anadan olmuşdur.

Qeylani Pənahov 1971-ci ildə Ənix kənd orta məktəbini bitirmiş, həmin il Azərbaycan Neft və Kimya İnstitutunun neft-qazçıxarma fakültəsinə daxil olaraq, 1976-cı ildə Faydalı qazıntı yataqlarının işlənməsi və istismarı ixtisası üzrə ali təhsilini başa vurmuş və dağ-mədən mühəndisi diplomunu almışdır. O, hələ tələbəlik illərində bilik və təcrübələrə yüksək həvəsi, marağı ilə seçilir, “biliyin bilik naminə deyil, onun həm də real proseslərdə istifadəsi” fikrini öz həyat fəlsəfəsi kimi qəbul edirdi. Və bunun nəticəsidir ki, Qeylani müəllim institutu bitirdikdən dərhal sonra əvvəlcə Dağıstanda mədən-geoloji ekspedisiyasında işləmək üçün təyinat alır, daha sonra isə Ukraynanın Krivoy Roq şəhərində Dağ-Mədən Sənayesinin Təhlükəsizlik Texnikası İnstitutunda işləyir. O, yüksək istehsalat təcrübəsi əldə etməklə yanaşı, elmi fəaliyyətini də davam etdirərək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun aspirantura şöbəsinə daxil olur. Çətin imtahan seçimindən keçərək 1983-cü ildə məşhur alim, görkəmli elm xadimi – akademik Azad Mirzəcanzadənin rəhbərliyi ilə elmin çətin yollarında addımlamağa başlayır.

Gənc alim öz qətiyyəti, əzmkarlığı, qibtə olunası operativliyi ilə qısa müddətdə elmi rəhbərinin diqqətini cəlb etmişdi. Nəzəri və eksperimental tədqiqatlar zamanı neft-qaz hasilatı və neft məhsullarının nəqlinin son dərəcə aktual problemlərini işləyib hazırlayan Qeylani Pənahov neft və qazın boru kəməri ilə nəqlində bir sıra innovativ həllər təklif etmişdir.

1986-cı ildə “Neftçıxarmada texnoloji proseslərdə effektivliyi artırmaq məqsədilə istismar quyu məhsullarının reofiziki xüsusiyyətlərinin tənzimlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Professor elmi fəaliyyətini M.Əzizbəyov adına AzNKİ-nin Neft yataqlarının işlənməsi və istismarı kafedrasında davam etdirərək neft və qaz nəqliyyatı laboratoriyasının aparıcı tədqiqatçılarından biri olmuşdur. O, elmi-tədqiqat təcrübəsində ilk dəfə olaraq boru kəmərləri ilə daşınan müxtəlif reofiziki parametrlərə malik mayeləri effektiv şəkildə sıxışdırmağa imkan verən özlü-elastik tərkibləri və texnoloji həllər işləyib hazırlamışdır. Qeyd edək ki, həmin illərdə tikintisi ümumittifaq əhəmiyyət kəsb edən benzin kəməri işə salınarkən professor Q.Pənahovun elmi nəticələrindən istifadə edilərək sınaq işləri Qroznı və Budyonovsk şəhərləri arasında olan kəmərdə aparılmışdır.

Geniş tədqiqatları təkcə boru kəməri nəqliyyatı məsələlərini deyil, həm də neft hasilatının intensivləşdirilməsi və neftveriminin artırılması problemlərini əhatə edir. Neft hasilatının aktual problemləri həm Azərbaycanda, həm də ondan kənarda akademik Azad Mirzəcanzadənin tədqiqat məktəbinin alimləri ilə əməkdaşlıqda həll olunurdu. Qeylani Pənahov 1996-cı ildə “Yeni kompozit sistemlərin qurulması və neftqazçıxarmada tətbiqi” mövzusunda texnika elmləri doktoru elmi adı almaq üçün akademik A.Mirzəcanzadənin rəhbərlik etdiyi Dissertasiya Şurasında uğurla müdafiə etdiyi tədqiqat işini elmi ictimaiyyətə təqdim etmişdir.

90-cı illərin sonunda akademik A.Mirzəcanzadə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda yeni elmi bölmə yaratmışdır. Professor Qeylani Pənahov həmin institutda elmi fəaliyyətini Qeyri-xətti neft və qaz mexanikası şöbəsinin aparıcı elmi işçisi olmuş, sonra isə “Neft və qaz axınında fiziki-mexaniki proseslər” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Hazırda Qeylani müəllim Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiridir.

Milli Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirən professor Q.Pənahov əsas fəaliyyətini maye və qaz mexanikasının problemlərinə, o cümlədən məsaməli mühitdə və borularda heterogen, dispers və qaz-maye sistemlərinin axını problemləri ilə bağlı tədqiqatların işlənib hazırlanmasına yönəltmiş, işlərinin mühüm hissəsini məsaməli mühitlərdə müxtəlif mayelərin süzülməsi zamanı elektrokinetik təsirlərin öyrənilməsinə və bu təsirlərin hidrodinamik modelləşdirmə məsələlərində nəzərə alınmasına həsr edilmişdir. Onun məsaməli mühitdə fraktal strukturların əmələ gəlməsi prosesini, özlülük və sıxlıq heterogenliyi olan mayelərin qarşılıqlı sıxışdırılmasının qeyri-tarazlıq prosesləri şəraitini tədqiq etmiş, neftlə doymuş laylarda neftveriminin səmərəliliyinin azalmasında bu amillərin rolu göstərmişdir. Real mədən şəraitində qeyri-müntəzəmliyi tənzimləmək məqsədilə sənaye texnologiyalarını işləmişdir. İnnovativ texnologiyalar və yeni metodlar demək olar ki, ölkəmizin bütün neft yataqlarında tətbiq edilmişdir. “Neft Daşları”, “28 May”, “Abşeronneft”, “Qum Adası”, “N.Nərimanov adına” NQÇİ-də, “Binagady Oil Company” sahələrdə və bir çox digər yataqlarda qaz kəmərlərinin özlü-elastiki tərkiblə təmizlənməsi, quyudibi zonanın kompozit məhlullarla işlənməsi, lay suların təcrid edilməsi və bir sıra başqa üsullarından yüksək səmərə ilə istifadə edilmişdir.

Qeylani Pənahov karbondioksid qazının laydaxili yaranma ilə bağlı yeni reoqazkimyəvi effektlərin tədqiqinə başlamışdır. Bu texnologiya təkcə Azərbaycanda deyil, geniş beynəlxalq miqyasda da tanınmış və bir çox neft hasil edən regionlarda xarici tədqiqat mərkəzləri ilə əməkdaşlıq çərçivəsində tətbiq edilmişdir. Həmin illərdə Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, akademik Əzizağa Şahverdiyevin rəhbərlik etdiyi A.P.Krılov adına Ümumrusiya Neft Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində bu texnologiya Rusiyanın demək olar ki, bütün iri neft istehsal edən müəssisələrində – Qərbi Sibirdə Lukoil, TNK-BP, Nijnevartovskneft, Slavneft, Orenburqneft, Qazpromneft neft şirkətləri tərəfindən istismar olunan Samotlor, Koqalım, Lanqepas, Uray və s. yataqlarında tətbiq olunmuşdur.

Həmin texnologiya uğurla sınaqdan keçirilmiş və quyudaxili əməliyyat tədbirində effektiv üsul kimi tanınmışdır. ABŞ-ın Nyu-Meksiko ştatının Sokorro şəhərində yerləşən New Mexico Tech Universitetində çalışan professor Sayavur Bəxtiyarovla birgə tədqiqatlar ABŞ Energetika Nazirliyinin (US DOE) elmi qrantı çərçivəsində aparılmış, nəticələri isə Maskoqi (Oklahoma ştatı, ABŞ) yatağının quyularında neftveriminin artırılması layihəsində səmərəli təsdiqini tapmışdır.

Professor Q.Pənahov Çin Xalq Respublikasının aparıcı elmi mərkəzlərinin prezidenti dr. Renqi Jiangin dəvəti ilə xaricdə aparılan tədqiqatların nəticələrinə əsaslanaraq ÇXR yataqlarında çoxsaylı layihələrin həyata keçirilməsində iştirak etmişdir. Alimin tədqiqatlarına maraq göstərən Çinin aparıcı şirkətləri Sinopec, Petrochina, CNPC, CNOOC, COSL yataqlarında layda CO2 aralığını əmələ gətirməklə laya təsiretmə texnologiyasını uğurla həyata keçirmişdir. Bundan əlavə, bir sıra elmi nəticələr Vyetnamda da müvəffəqiyyətlə tətbiq edilmişdir. Xüsusən də “Ağ pələng” yatağında iki dəniz neft hasilatı platforması arasında qaz kəmərinin su və kondensat mayesinin yığılmasından təmizlənməsi üçün azərbaycanlı alim tərəfindən hazırlanmış özlü-elastik kompozit tərkibdən istifadə olunmuşdur.

Alimin Azərbaycan Respublikası və Rusiya Federasiyasıda 60-a yaxın ixtira patentlərinin həmmüəllifidir və onların bir çoxu real istehsal proseslərində tətbiq edilmişdir. Alim 250-dən çox elmi məqalə və bir monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə texniki ixtisaslar, maye və qaz mexanikası üzrə 6 fəlsəfə doktoru hazırlanmışdır. Professor Qeylani Pənahov Rusiya Təbiət Elmləri Akademiyası, həmçinin Rusiya Federasiyasının İxtiraçılıq Akademiyasının üzvüdür. Onun pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz nəqliyyatı və saxlanması və “Neft yataqlarının işlənməsi və istismarı” kafedralarında tədrisi ilə bağlıdır (2000-2004). O, 2005-ci ildən indiyədək Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında müxtəlif fənlər üzrə mühazirələr oxuyur.

1999-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasında Riyaziyyat və mexanika ixtisası üzrə ekspert olub, hazırda Riyaziyyat və Mexanika İnstitutunda və ADNSU-da namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə elmi şuraların üzvüdür. Həmçinin Riyaziyyat və Mexanika İnstitutunda doktorluq dissertasiyası müdafiəsi üzrə Şurada elmi seminara rəhbərlik edir. 1998-ci ildən “Transactions of ANAS – issue Mechanics”, “Azərbaycan Neft Təsərrüfatı”, “Başqırdıstan Respublikası (RF) Elmlər Akademiyası Xəbərləri”, “Liquid and Gaseous Energy Resources” elmi dövri nəşrlərinin, Özbəkistan Elmlər Akademiyasının “Problemı mexaniki”, “Baku Mathematical Journal” jurnallarının redaksiya heyətinin üzvüdür.

Elmi nailiyyətlərə və tədqiqat nəticələrinə görə AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahov bir sıra fəxri mükafatlara layiq görülüb. Onların arasında V.İ.Vernadski adına Rusiya Təbiət Elmləri Akademiyasının fəxri gümüş medalı; Elmin və iqtisadiyyatın inkişafındakı nailiyyətlərə görə Rusiya Təbiət Elmləri Akademiyasının fəxri nişanı; Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı; Akademik Azad Mirzəcanzadə adına gümüş medal; Azərbaycan Neft və Sənaye Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikasının yubiley medalı xüsusi yer tutur. Professor Qeylani Pənahov Başqırdıstan Elmlər Akademiyasının “Azərbaycan-Başqırd elmi-texniki əlaqələrinin inkişafındakı xidmətlərinə görə” diplomu ilə də təltif edilib.

İş yoldaşları, həmkarları və AMEA-nın rəhbərliyi Qeylani müəllimi elmi tədqiqatların fəal təşkilatçısı və rəhbəri kimi tanıyır, onun peşəkarlığını, məsuliyyət və prinsipiallığını, tükənməz enerjisini, yaradıcılıq həvəsini, insanlara qarşı həssaslığını və diqqətini yüksək qiymətləndirirlər. Onun həyatı və elmi fəaliyyəti elmə, vətənə layiqli xidmət nümunəsidir.

Misir Mərdanov,

Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika

İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü,

fizika-riyaziyyat elmləri doktoru,

professor.

 

respublika-news.az

Faydalı linklər