24/10/2024
“Diferensial tənliklər” şöbəsinin professoru, görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru Nadir Süleymanov bu gün axşam saatlarında vəfat etmişdir.
Allah rəhmət eləsin!
Nadir müəllim Azərbaycan riyaziyyatçıları arasında böyük nüfuz sahibi idi.
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Fizika–riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim Nadir Süleymanov funksional analiz, diferensial tənliklər və ehtimal nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, tanınmış elm xadim idi. Onun əldə etdiyi elmi nəticələr diferensial tənliklərin keyfiyyət nəzəriyyəsində tamamilə yeni elmi-tədqiqat istiqaməti olan Viman – Valiron tipli qiymətləndirmələr almışdır. Bu nəticələri almaq üçün o, ehtimal nəzəriyyəsi əsasında yeni bir elmi-tədqiqat metodu işləyib hazırlayıb. Hilbert fəzasında evolyusion tənliklərin həlli üçün qiymətləndirmə üsulları, parabolik, tərs-parabolik və psevdodiferensial tənliklərin həlli üçün Viman – Valiron tipli teoremlər isbat etmiş, evolyusion tənliklər üçün yeni tipli teoremlər almışdır. Beləliklə, Nadir Süleymanov nəinki diferensial tənliklər üçün yeni növ teoremlər əldə edib, həm də tam funksiyalar sahəsində yeni, daha dəqiq və ümumi elmi nəticələrə nail olmuşdur. Alimin ən böyük uğuru evolyusion tənliyin həlli üçün yeni növ qiymətləndirmələrin – Viman-Valeron tipli nəticələri almasıdır.
Professor Nadir Süleymanovun əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır. Onunla vida mərasimi 25 oktyabr tarixində Təzə Pir məsçidində, səhər saat 10⁰⁰-da keçiriləcək.
Allah rəhmət eləsin, məkanı cənnət olsun bizim sevimli Nadir müəllim!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.