29/10/2024
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətləri tərəfindən ilk dəfə elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı həyata keçirilib. Proqramın məqsədi ölkədə “Scopus” və “Web of Science” kimi elmmetrik və bibliometrik bazaları ekspert səviyyəsində tətbiq edə biləcək mütəxəssislər yetişdirməkdir.
Hazırlıq proqramına qatılan 70 nəfər iştirakçı sırasından yekunda 28 nəfər “Elsevier” və “Clarivate” şirkətlərinin birgə sertifikatını əldə edib. Proqramı uğurla bitirənlər arasında AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının baş elmi işçisi, r.e.d. Anar Rəhimov da yer alıb. O, “Scopus” və “Web of Science” üzrə 3 modulu uğurla başa vuraraq Müvəffəqiyyət Sertifikatı (Certificate of Achievement) əldə edib.
Qeyd edək ki, proqramı müvəffəqiyyətlə bitirən şəxslər elmi göstəricilərin ölçülməsini daha dəqiq aparacaq, tədqiqatçılara ədəbiyyat axtarışlarında dəstək göstərəcək, həmçinin elmi işlərin dərci üçün keyfiyyətli jurnal seçiminə öz töhfələrini verəcəklər.