29/10/2024
Google sizin üçün kompüterinizdən istifadə edən və gündəlik tapşırıqları yerinə yetirən süni intellekt aləti hazırlayır. Bu texnologiya istifadəyə verildikdə, Google şirkətinin Project Jarvis kod adlı süni intellekti sadə amma vaxt aparan gündəlik işləri yerinə yetirəcək. Beləliklə, Google elmi-fantastika filmlərində tanış olduğumuz Jarvis süni intellektini real həyatda hazırlayır.
The Information tərəfindən paylaşılan xəbərə görə, Google istifadəçilərin onlayn əməliyyatlarını asanlaşdırmaq üçün yeni süni intellekt infrastrukturu üzərində işləyir. “Project Jarvis” adlanan bu layihə sözün əsl mənasında kompüteri ələ keçirir və istifadəçilərin brauzerlərindən istifadə edərək gündəlik tapşırıqları avtomatik yerinə yetirir. Bu texnologiya ilə istifadəçilər avtomatik araşdırma, məhsul almaq və ya bilet sifariş etmək kimi əməliyyatları asanlıqla həyata keçirə biləcəklər. Daha doğrusu, bütün bunları istifadəçilərin adından süni intellekt edəcək.
Jarvis süni intellekti Google Gemini yenilənməsinin bir hissəsi olacaq və hazırda yalnız Chrome-a inteqrasiya olunması nəzərdə tutulur. Alət istifadəçilərə yuxarıda bir neçə nümunə verdiyimiz gündəlik tapşırıqlarını avtomatlaşdırmağa kömək etmək məqsədi daşıyır. Jarvis veb-saytlardan ekran görüntüləri götürə, onları şərh edə və sonra düymələrə basaraq və ya veb saytlarda mətn yazaraq əməliyyatlar həyata keçirə bilən bir quruluşa malikdir. Bu o deməkdir ki, onlar saytlardakı addımları bizim adımızdan tamamlaya biləcəklər. Bununla belə, hazırda əməliyyatlar arasında bir neçə saniyəlik gözləmə müddəti var.
nmincom.gov.az