31/10/2024
Xəbər verdiyimiz kimi, “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikası 1 il müddətinə (sentyabr 2024-sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.Bu çərçivədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və “RASIT”-in birgə əməkdaşlığı ilə 24-25 oktyabr tarixlərində “Qadın Tədqiqatçılara Dəstək” mövzusunda onlayn vörkşop təşkil olunub. Vörkşopda EATDA-nın direktoru Ülkər Səttarova, “RASIT”in icraçı direktoru şahzadə Nisreen əl-Haşimi, eləcə də 21 ölkədən 150-ə yaxın magistrant və doktorant və peşəkar qadın tədqiqatçılar iştirak ediblər.2 gün davam edən vörkşopda “RASIT”-in Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi professor Joumana Toufaily, Bakı Dövlət Universitetinin kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova, ABŞ-nin Sent-LuisVaşinqton Universitetinin professoru Aytəkin Hüseynli, Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Çinin Pekin Texnologiya Universitetində tədqiqat aparan doktorant İlahə Balakişiyeva və “2007-2015 Dövlət Proqramı”nın məzunu Edinburq Universitetinin doktorantı Günel Ağabəyli “Elmin inkişafında qadın tədqiqatçıların rolu” və “Tədqiqat işlərinin maliyyələşdirilməsi üçün yazı bacarıqlarının inkişafı, eyni zamanda elmdən startaplara” mövzularında elmi-praktik mühazirələr ilə çıxış ediblər.Həmçinin vörkşopda qadın tədqiqatçıların elmi biliklərinin ictimaiyyətin inkişafındakı rolu vurğulanıb, elm və startapın inteqrasiyası, tədqiqat metodologiyaları sahəsində xanım tədqiqatçıların məlumatlandırılması və digər mövzular üzrə akademik müzakirələr aparılıb.