20/12/2024
2025-ci ildə təhsil süni intellekt kimi yenilikçi texnologiyalar və dəyişən iş dünyasının tələbləri ilə formalaşacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu haqda dünyaca məşhur futurist, qabaqcıl düşüncə lideri Bernard Marr özünün “Forbes” jurnalına təqdim etdiyi məqaləsində ətraflı məlumat verib.
Ənənəvi təhsil modeli dəyişikliklərin ildırım sürəti ilə baş verdiyi bir cəmiyyətlə uyğunlaşa bilmir. Eyni zamanda, ənənəvi təhsil modellərində bəzən nəzərdən qaçan emosional intellekt və ünsiyyət kimi bacarıqlar robotların bir çox texniki tapşırıqları yerinə yetirməsi ilə daha da önəmli hala gəlir.
Odur ki, 2025-ci ildə təhsili formalaşdıran əsas trendlərə və bu trendlərin sürətlə dəyişən dünyada uğur əldə etməyə hazırlaşan fərdlər üçün təklif etdiyi fürsətlərə baxmaq lazımdır.
İnsan mərkəzli bacarıqlar yenidən kurikuluma daxil olur
Texnologiyalar trendləri analiz etmək, rəqəmləri hesablamaq və hesabatlar hazırlamaq mövzusunda effektiv olduqca onların hələ də edə bilmədiyi bacarıqların dəyəri daha da artacaq. Bu, o deməkdir ki, müəllimlər daha çox kritik düşüncə, ünsiyyət, emosional intellekt, liderlik və komandada işləmək kimi insana məxsus bacarıqlarını inkişaf etdirməyə yönəlməlidirlər. Bu bacarıqların ənənəvi təhsil sisteminə daha çox inteqrasiyasını gözləmək olar, çünki biz insanlarla qarşılıqlı əlaqələr qurmağı və dünyanın mürəkkəb, xaotik real vəziyyətlərilə qarşılaşmağı öyrənirik. Bunlar süni intellekt dövründə liderləri və mütəxəssisləri fərqləndirəcək əsas məsələlərdir.
Generativ süni intellekt sinifdə
Generativ süni intellekt (məsələn, ChatGPT kimi çat-botlar) indi hər yerdədir və 2025-ci ildə siniflərdə olacağı da istisna edilmir. Əmək bazarında işçilərin 57 faizi süni intellektin onları daha məhsuldar edəcəyini düşünür. Süni intellektin daha effektiv şəkildə istifadə edilməsini öyrənmək isə müəllimlər üçün önəmli bir prioritet olacaq. Bununla yanaşı, tədris sahəsində süni intellektin müxtəlif sahələrdə istifadə dairəsi araşdırılmalıdır. Məsələn, müəllimlər qiymətləndirmə zamanı işlərə fərdi rəy vermək və xüsusi məzmun və dərs planları hazırlamaq üçün süni intellektdən istifadə edə bilərlər. Eyni zamanda süni intellektin məsuliyyətli istifadəsi və nə zaman və necə istifadə olunacağına dair təlimlər də olacaq. Tələbələrə süni intellektdən təhlükəsiz istifadə etməyi və hansı hallarda insan zəkasından istifadə etməyin daha yaxşı olduğunu öyrətmək vacib olacaq.
Fərdi təhsil
Hər bir təhsilalan individualdır: biz məlumatı müxtəlif sürətlərdə qəbul edirik; bəzilərimiz videolardan daha yaxşı öyrənir, digərləri isə qrup müzakirələrindən və ya fəaliyyət əsaslı öyrənmədən daha çox faydalanır. Fərdi təhsil hər bir tələbənin fərdi bacarıqlarına uyğunlaşdırılmış təhsil verməyi vəd edir. Bu fərdi tədris planları, qiymətləndirmələr və öyrənmə materialları deməkdir. 2025-ci ildə süni intellektdən istifadə edərək bunların həyata keçirilməsi ilə bağlı təcrübələr və pilot layihələrə daha çox rast gələcəyik, eyni zamanda, tələbələrin real vaxtda irəliləyişlərini izləyən və dərs prosesini dinamik şəkildə tənzimləyərək cəlbedici öyrənmə mühitləri yarada bilən süni intellekt kimi təlim köməkçilərinin ortaya çıxması gözlənilir.
Ömür boyu təhsil
2025-ci ildə təhsilin məzuniyyətdən sonra bitdiyini düşünmək artıq köhnəlmiş bir fikirdir. Ömür boyu təhsil müasir dünyada yaşamaq üçün əsas amilə çevrilib. Peşəkarlara texnologiyadakı sürətli dəyişikliklərə və iş dünyasındakı yeniliklərə ayaq uydurmaq üçün daim yeni bacarıqlar öyrənmək və köhnəlmiş olanları yeniləmək vacibdir. Hətta bəziləri deyir ki, bu gün bir çox hallarda universitet diplomu ilə əldə edilən texniki bacarıqlar məzun iş dünyasına qədəm qoyduqdan sonra tez bir zamanda köhnəlir. Onlayn təhsil, modul kurslar və mikro və nanoöyrənmə kimi konsepsiyalar həllin bir hissəsi olacaq, çünki bunlar kiçik və yığıla bilən təhsil yolları təqdim edir ki, bu da peşəkarların karyeralarına uyğun şəkildə həyata keçirilə bilər.
Virtual siniflər və distant təhsil
Tələbələrin evlərindən çıxmadan qədim sivilizasiyaları və ya uzaq planetləri araşdırdıqları bir təhsil prosesi təsəvvür edin. Bu, 2025-ci ildə getdikcə bir həqiqətə çevrilir, çünki təhsilalanlar tədris proseslərinə virtual və artırılmış reallıq – AR texnologiyalarını daxil edirlər. Bu meyil, eyni zamanda, onlayn təhsil platformalarının və kurs təminatçılarının təhsil imkanlarını artırmaq və daha çox əməkdaşlığa əsaslanan rəqəmsal öyrənmə mühitləri yaratmaq məqsədi güdür. Distant təhsil və virtual siniflər müxtəlif səbəblərdən təhsil müəssisələrinə getməkdə çətinlik çəkənlər üçün daha əlçatan olacaq.
Yüksək texniki peşə təhsili üçün yeni əməkdaşlıqlar
Gələcəkdə təhsil müəssisələri və bizneslər arasında yeni tərəfdaşlıqların yaranmağa başladığını görəcəyik. Çünki işəgötürənlər və təhsil təminatçıları bacarıq çatışmazlığını aradan qaldırmaq üçün yeni yollar axtarırlar. Hazırda təhsil sistemindən süni intellekt və kibertəhlükəsizlik kimi yüksək texnoloji bacarıqlara əsaslanan sənaye tələblərini ödəyən kifayət qədər tələbə məzun olmur. Bu əməkdaşlıqlar təhsilverənlərə real dünyanın tələblərinə uyğun kurslar hazırlamağa və tələbələrin işəgötürənlərin ehtiyaclarına uyğun bacarıqlar ilə məzun olmasına kömək edəcək.
“EdTech” böyük biznesə çevrilir
Burada qeyd edilən trendlərin həyata keçirilməsi üçün tələb olunan texnologiyaların təmin edilməsi sürətlə böyüyən bir biznes sahəsinə çevrilib, “ed-tech” – təhsil texnologiyası sənayesinin 2030-cu ilə qədər 142 milyard dollardan təxminən 350 milyard dollara qədər artması proqnozlaşdırılır. Təhsil sahəsində onlayn təhsil platformaları, immersiv virtual reallıq (VR) və süni intellekt köməkçilərinə olan maraq artdıqca texnologiya 2025-ci ildə təhsilin çatdırılma formasını dəyişdirmək üçün daha da əhəmiyyətli olacaq. Bu sahəyə davamlı investisiyaların yatırılması və innovasiyalar müəllimlərin sürətlə dəyişən dünyanın tələblərinə cavab verə bilməyini təmin edəcək.
2025-ci ilin təhsil mənzərəsi ənənəvi modellərdən daha dinamik, texnologiya ilə zənginləşdirilmiş və insan mərkəzli bir yanaşmaya doğru əsaslı keçidi nümayiş etdirir. Süni intellekt və avtomatlaşdırma dünyamızı yenidən formalaşdırmağa davam etdikcə qabaqcıl texnologiyanın insan bacarıqlarına daha çox fokuslanması yalnız öyrənmə formasını dəyişmir, həm də rəqəmsal dövrdə təhsil almağın nə demək olduğunu yenidən müəyyənləşdirir. Təhsilin gələcəyi sadəcə məlumatı mənimsəməkdən ibarət deyil; daha mürəkkəb və sürətlə inkişaf edən dünyada uğur qazana biləcək, uyğunlaşmağı bacaran, həyatı boyu öyrənən fərdlər yaratmaqdır. Təhsilverənlər, tələbələr və peşəkarlar üçün bu trendləri mənimsəmək sadəcə seçim deyil, gələcəyin dünyasında uğur qazanmaq üçün zəruridir.
muallim.edu.az