14/01/2025
Yanvarın 14-ü Azərbaycanın görkəmli riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik, riyaziyyat sahəsi üzrə ilk azərbaycanlı elmlər doktoru, professor Zahid Xəlilovun doğum günüdür.
Xəlilov Zahid İsmayıl oğlu, funksional analiz, diferensial tənliklər, elastikiyyət nəzəriyyəsi və neft mexanikası sahələrində tanınmış dünya şöhrətli alim,14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Borçalı mahalında anadan olmuşdur. 1929-cu ildə Tiflis şəhərində Nəriman Nərimanov adına Pedaqoji Texnikumu, 1932-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir. 1937-1940-ci illərdə Tibilisi Riyaziyyat İnstitutunun aspirantı olmuşdur. 1937-ci ildən Tibilisi Dövlət Universitetində professor Stefan Berqmanın rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır. S. Berqman Amerika Birləşmiş Ştatlarına mühacirət etdikdən sonra, o, məşhur alim акаdemik N. İ. Musxelişvilinin rəhbərliyi ilə elastiqiyyət nəzəriyyəsi ilə məşğul olmuşdur. O, 1940-cı ildə 29 yaşında Tibilisi Dövlət Universitetində “Klebş məsələsi və onun ümumiləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Zahid Xəlilov 1940-cı ildə Bakıya qayıdır və Azərbaycan Dövlət Universitetində dosent vəzifəsində çalışır.
1942-ci ildən başlayaraq Zahid Xəlilov SSRİ ЕА-nın Аzərbaycan filialının Fizika sektorunda yeganə riyaziyyatçı оlaraq еlmi fəaliyyətə başlayır. О, tezliklə bir neçə nəfər işçisi оlan Riyaziyyat və Nəzəri fizika seksiyasını, daha sonra isə Riyaziyyat bölməsini yaradır. Sonralar bu bölmənin bazasında Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu, daha sonra isə Кibernetika İnstitutu yaranır. Zahid Xəlilov hələ gənc yaşlarından riyaziyyat və mexanikanın prioritet istiqamətlərini görürdü. Təsadüfi deyil ki, o, funksional analizin metodlarının, riyaziyyatın müxtəlif sahələrinə, o cümlədən diferensial və inteqral tənliklərin həllinə tətbiqi sahəsində mühüm elmi nəticələr almışdı. Bunların nəticəsi olaraq, qeyd olunan istiqamətlər, sonralar respublikada riyaziyyat elminin inkişaf etmiş sahələrindən birinə çevrildi.
Zahid Xəlilov 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutnun Riyaziyyat sektorunun rəhbəri təyin olunmuşdur. O, 1946-cı ildə 35 yaşında Tiflisdə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə ilk azərbaycanlı elmlər doktoru olmuşdur.
Xüsusi qeyd etmək lazımdır ki, 1949-cu ildə dünyada Funksional analiz sahəsində rus dilində «Основы функционального анлиза» adlı ilk monoqrafiyanın müəllifi akademik Zahid Xəlilov olmuşdur.
1946-1950-ci illərdə о, klassik sinqulyar inteqral tənliklər nəzəriyyəsini ümumiləşdirərək mücərrəd sinqulyar inteqral tənliklər nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir. Onun bu nəticələri sovet və xarici ölkə alimlərinin tədqiqatlarında geniş istifadə olunmuş, 1949-cu ildə nəşr etdirdiyi ”Xətti normallaşdırılmış fəzalarda xətti tənliklər” monoqrafiyasının əsasını təşkil etmişdir. Z. İ. Xəlilov funksional Banax fəzalarında verilmiş diferensial tənlikləri tədqiq edən ilk alimlərdəndir. O, yuxarıda qeyd olunan nəticələri riyazi fizikanın bir sıra məsələlərinin həllində tətbiq edərək, qiymətli nəticələr almışdır. Qeyd edək ki, bu sahə hal-hazırda da riyaziyyatın aparıcı sahələrindən biridir.
1952-1954 illərdə Zahid müəllim dəyişənlərinə görə ayrılmayan hiperbolik və parabolik tənliklər üçün qoyulmuş qarışıq məsələlərin həlli ilə bağlı, sonralar onun davamçıları tərəfindən riyaziyyatın müxtəlif sahələrində geniş tədbiq olunan, yeni metod vermişdir. Bu metoda görə qarışıq məsələnin həlli tənliyin baş hissəsinin təyin etdiyi operatorun məxsusi funksiyalarına görə ayrılış şəklində verilir.
1961-cı ildə Zahid Xəlilov ilk olraq dünya miqyasında Banax fəzasında qeyri-məhdud operator əmsallı diferensial tənliklərin həllərinin dayanıqlığı məsələsini həll etmişdir. Onun bu nəticələri dünyanın bir sıra tanınmış riyaziyyatçılarının monoqrafiyalarında öz əksini tapmışdır.
Zahid Xəlilov yaradıcılığının xarakterik cəhətlərindən biri o idi ki, o, konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaradır və onları uğurla bu məsəsələlərin həllinə tətbiq edirdi. Buna misal olaraq, onun Lavrentyev-Bitsadze tənliyi üçün qoyulmuş sərhəd məsələsinin həllinin varlığı üçün yeni metod-şəbəkə metodunu yaratmasını göstərmək olar. Sonralar bu metod müxtəlif alimlər tərəfindən sərhəd məsələlərinin həllinin varlığını isbat etmək üçün istifadə olunmuşdu. Bu sahədə olan nəticələrlə əlaqədar o, qaz və neftin filtirasiyası nəzəriyyəsinin ümumi məsələsini həll etmişdir. Onun bu nəticələri bir neçə onilliklər ərzində respublikamızda tətbiqi məsələlərin həll edilməsinə zəmin yaratmışdır.
Keçən əsrin 60-cı illərindən başlayaraq, bu böyük alim abstrakt fəzalarda diferensial tənliklər nəzəriyyəsini tətbiq etməklə xüsusi törəməli diferensial tənliklərlə ifadə olunan sistemlərin optimal idarə edilməsi ilə əlaqəli bir sıra mühüm nəticələr almış və onları nüfuzlu elmi jurnallarda çap etdirmişdir. Riyaziyyatda yeniliyi daim hiss edən Zahid Xəlilov ardı arası kəsilmədən elmi axtarışlar aparırdı. Öz-özünə qoşma olmayan diferensial operatorların spektral nəzəriyyəsinə aid bir sıra mühüm nəticələrdə ona məxsusdur. Requlyar halda bu tip operatorların spektral analizin təməli keçən əsrin əvvəllərində Birkhof və Tamarkin tərəfindən qoyulmuşdur. Sinqulyar öz-özünə qoşma olmayan Şredinger operatoruna isə ilk dəfə 1952-ci ildə Gelfand baxmışdır. Zahid Xəlilov 1955-ci ildə Keldışın operatorlar dəstəsi nəzəriyəsinə öz tövhəsini verən bir məqalə çap etdirir. Bu işdən xüsusi hal kimi Gelfandın yuxarıda qeyd olunan işinin nəticəsi alınır. Qeyd edək ki, sözü gedən Keldış “Dəstəsindən əvvəl” 1945-ci ildə Zahid Xəlilov, bu mövzuda çap olunan işində, məşhur bir teorem isbat etmişdir. Bu teoremdə kompleks parametrdən analitik asılı olan inteqral operatorla vahid operatorun cəminin spektri xarakterizə olunur.
Zahid Xəlilov 1955-ci ildə birbaşa Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Gərgin elmi fəaliyyəti ilə bərabər Zahid Xəlilov Azərbaycan Dövlət Universitetində otuz ildən artıq pedaqoji fəaliyyətlə məşgul olmuşdur. О, «Nəzəri mexanika» kafedrasının müdiri, son vaxtlar isə «Funksional analiz və funksiyalar nəzəriyyəsi» kafedrasının professoru olmuş və yüksək ixtisaslı elmi kadrların hazırlanmasına böyük əmək sərf etmiş, 30-dan artıq elmlər namizədi və elmlər doktoru hazırlamışdır, onların bir neçəsi sonralar Azərbaycan Elmlər Akademiyasının müxbir və həqiqi üzvləri seçilmişlər.
O, 1950-1957-ci illərdə Fizika və Riyaziyyat İnstitutunun direktoru, 1957-1959-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1962-ci illərdə isə akademik-katib vəzifələrində çalışmışdır. Akademik Zahid Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, 1967-ci ildən isə ömrünün sonunadək Riyaziyyat və Mexanika İnstitutunun direktoru olmuşdur. Zahid Xəlilov Sovet riyaziyyatçıları, mexanikləri Milli Komitəsinin və SSRİ Ali Attestasiya Komissiyasının üzvü idi. Böyük alim 7 kitabın və 75 elmi əsərin müəllifi olmuşdur.
Respublikamızın siyasi həyatında Zahid Xəlilovun böyük əməyi olmuşdur. О, Bakı Sovetinin, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası MK-nın üzvü seçilmişdir.
Onun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilmiş iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və Şərəf Nişanı ordeni ilə təltif olunmuş, Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. O, çox saylı Beynəlxalq Elmi Konfrans və Forumların (İsveç-1962, Çexoslovakiya-1963, Avstriya-1964, Honq-Konq-1964) iştirakçısı olmuşdur. Zahid Xəlilovun tədqiqatları funksional analiz, diferensial və inteqral tənliklər, riyazi fizika tənlikləri və mexanikanın müxtəlif problemlərinə həsr olunmuşdur. Zahid İsmayıl oğlu Xəlilov 4 fevral 1974-cü ildə 63 yaşında Bakı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.