18/03/2025
Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir.Torpaq çərşənbəsi Novruz bayramının sonuncu çərşənbəsidir. Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir – Su, Od, Yel və ilaxır çərşənbə – Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Torpaq çərşənbəsi və ya Axır çərşənbə el arasında “İlaxır çərşənbə” kimi də adlanır.
Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Bu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir.
İlaxır çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Bağ-bostan, dirrik yerləri əkinə hazırlanır, evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə. Ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”, ya da “Ağırlığım odda yansın”.
Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana gəlməsi martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.