Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanın riyaziyyatçı alimləri Moskvada beynəlxalq konfransda iştirak ediblər


26-29 noyabr 2018-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor L. D. Kudryavtsevin 95 illik yubileyinə həsr olunmuş “Funksiyalar fəzası. Diferensial operatorlar. Riyaziyyat təhsilinin problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və həmin müəssisənin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev iştirak ediblər.

Konfransın plenar iclasında professor Vaqif Quliyev “Karnot qrupunda kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşist funksiyaları ilə xarakterizasiyası” mövzusunda məruzə edib. AMEA-nın professoru Rövşən Bəndəliyev isə “Qarışıq normalı Lebeq fəzalarında Hausdorf operatorunun məhdudluğu” mövzusunda məruzə ilə çıxış edib.
Alimlər konfransın “Funksiyalar nəzəriyyəsi və funksional fəzalar” seksiyasına rəhbərlik ediblər.

Ezamiyyə müddətində, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin (EIF-BGM-4-RFTF-1/2017-21/01/1) qalibi olmuş “Morri tipli fəzalar və xüsusi törəməli diferensial tənliklərə tətbiqləri” adlı elmi-tədqiqat proqramı çərçivəsində Moskvanın Xalqlar Dostluğu Universitetinin Nikolski adına Riyaziyyat İnstitutunda professor V.Burenkov ilə birgə elmi araşdırmalar aparılıb.

V. Quliyev və R. Bəndəliyev səfər zamanı professorlar – P. D. Lamberti (İtaliya), E. Nursultanov (Qazaxıstan), M. L. Goldman (Rusiya), D. Yang (Çin), R. Oynarov (Qazaxıstan), T. Sobukava (Yaponiya), V. D. Stepanov (Rusiya) və D. Hakim (İndoneziya) ilə görüşüb, birgə elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadilələri aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.