Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda Ümuminstitut seminarı keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq seminarın ölkə başçısının “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən baş tutduğunu qeyd edib. Alim, həmçinin bildirib ki, mart ayının 14-ü riyaziyyatçıların qeyd etdiyi günlərdən biridir. Dünyada beynəlxalq “Pi Günü” 1988-ci ildən 3-cü ayın 14-də qeyd olunur. Belə bir mühüm günlərin astanasında AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovun bizim institutun seminarında çıxış etməsi əlamətdar haldır.

Sonra professor Nazim İmanovun məruzəsi dinlənilib. O, məruzəsində iqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin əhəmiyyəti, riyazi üsullardan istifadənin yuxarı və aşağı həddi, nəzəri və praktiki məsələləri barəsində danışıb. Bildirib ki, riyazi üsulların tətbiqi iqtisadi tədqiqatların daha da dərindən aparılmasına və dəqiq elmi nəticələr alınmasına xidmət edir. Bundan əlavə, riyazi üsulların ifrat tətbiqinin iqtisad elmini reallıqdan uzaqlaşdırdığını, yanlış elmi nəticələrə və səhv iqtisadi qərarlara yol açdığını vurğulayıb.

N.İmanov, həmçinin iqtisadi tədqiqatlarda riyaziyyatın tətbiqinin yuxarı həddini riyazi üsullarla müəyyənləşdirmək və kəmiyyət göstəriciləri ilə ifadə etməyin mümkün olmadığını söyləyib: “İqtisadçının riyazi bilikləri nə qədər azdırsa, yuxarı hədd bir o qədər aşağıdadır. İqtisadi nəzəriyyə bilməyən riyaziyyatçının “iqtisadi tədqiqatı” böyük təhlükələrə yol aça bilər”.

Professor İqtisadiyyat İnstitutunda aparılan tədqiqatlar barəsində də danışaraq bildirib ki, 2014-cü ildə müəssisənin təqdim etdiyi metodologiya əsasında dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin səviyyəsi 6 sektor üzrə qiymətləndirilib. Müəyyən olunub ki, bir qayda olaraq, təhsil və səhiyyə sistemlərinin tənzimlənməsi dirijist prinsiplərin üstünlüyünə, elmin, xarici ticarətin, turizmin və pensiya sisteminin tənzimlənməsi isə liberal prinsiplərin üstünlüyünə əsaslandıqda bu sektorlar daha effektiv inkişaf edir.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər