Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı Beynəlxalq konfrans öz işinə başladı


23 oktyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı Beynəlxalq konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev açaraq,  İnstitutun yaranma tarixinə nəzər salaraq uğurlarını qeyd etmiş və kollektivi yubiley münasibətilə təbrik etdi. Dilqəm müəllim öz çıxışında AMEA İnstitutları arasında Web of science bazasına daxil olan jurnallardan ikisinin  Riyaziyyat və Mexanika İnstitutunda çap olunmasını və bunun böyük bir uğur olduğunu xüsusilə vurğuladı.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxışını konfransda iştirak edən xarici dövlətlərdən gəlmiş alimlərin adlarını sadalamaqla başladı: Boris Mardukhovich (ABŞ), Andrey Fursikov, Viktor Burenkov, Qaraxan Mirzəyev, İ.Kandaurova və Natalya Lobanova  (Rusiya), Yalçın Əfəndiyev (ABŞ), Lyoubomira Softova (İtaliya), Mübariz Zəfər oğlu Qarayev (Meksika), Varqa Kələntərov, Heybətqulu Mustafayev, Rauf Əmirov, Elmxan Mahmudov, Rza Mustafayev, Surxay Əkbərov, Ələddin Şamilov və İlhan Usta (Türkiyə), M.Filipkovska (Ukrayna), Yakov Yakubov (İsrail)  və digərləri.

Misir müəllim İnstitutun 60 illik tarixi haqqında geniş məruzə ilə çıxış etdi.  O, xüsusi olaraq qonaqların diqqətinə çatdırdı ki, 2013-2019-cu illər ərzində İnstitut alimlərinin ümumilikdə 440 məqaləsi Web of Science bazasına daxil  olan jurnallarda çap olunmuşdur. Bundan əlavə İnstitutun dissertasiya şurasında 1968- 2018-ci illərdə 649 dissertasiya müdafiə edilmiş, onlardan 556-sı fəlsəfə doktoru, 93-ü isə elmlər doktoru elmi dərəcələrini almışlar. Hazırda institutda çalışan 213 nəfərdən 50 %  çoxu alimdir (elmi dərəcəsi olan).

Konfransın açılışında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, qonaqlardan akademik RAN, professor Yuriy Yerşov, Yusif Məmmədəliyev adına Neftçıxarma Prosesləri İnstitutunun akademik Vaqif Abbasov, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev, Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov və Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini işləmiş, hazırda Türkiyənin Koç Universitetinin professoruVarqa Kələntərov çıxış etmişlər.

İnstitutun adına gələn təbrik məktublarını səsləndirmək üçün söz dosent Eldar Abbasova verildi. O, Rusiya Təbiət Elmləri Akademiyasının prezidenti Oleq Kuznetsov və akademiyanın vitse-prezidenti Əzizağa Şahverdiyevin, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru professor Ramil Baxtizinin və  Çin Xalq Respublikası “GCC Group Corporation” elmi mərkəzinin prezidenti Renci Tzyanın təbrik məktublarını konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Sonda konfrans iştirakçılarına Misir müəllimin redaktorluğu ilə çap olunan “AMEA Riyaziyyat və Mexanika İnstitutu -60” adlı kitabı gələn qonaqlara təqdim edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər