22/01/2020
Son illər Azərbaycanda yüksək səviyyədə həyata keçirilən gənclər siyasətinin nəticələri özünü gənc nəslin müxtəlif sahələrdəki aktiv fəaliyyətləri, həmçinin əldə olunan davamlı uğurları ilə büruzə verməkdədir. Prezident İlham Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasi xəttin əsas məqamlarını innovativ fəaliyyətə istiqamətləndirən davamlı proqramların reallaşdırılması və Azərbaycanın gələcək inkişafı naminə hədəflərimizin gerçəkləşdirilməsi üçün aparıcı qüvvəyə çevrilə bilən gənc nəslin yetişdirilməsi təşkil edir.
Bütün tərəqqi etmiş cəmiyyətlərdə intellektual təfəkkürə malik, elmi biliklərə meyilli olan insanların mütəmadi dəstəklənməsi həmişə öncül yer tutur. Bu da ölkə rəhbərinin indiyə qədər Azərbaycan gənclərinin inkişafı ilə bağlı imzaladığı sərəncamlarda əksini tapır. Cəmiyyətdə intellektual potensialın səviyyəsini və kəmiyyətini yaxşı təhsil alan, elm sahəsində uğurla çalışaraq məhsuldar nəticələr əldə edən zümrələr müəyyənləşdirirlər. Deməli, təhsildən başlayaraq elm sferasına miqrasiya elmi intellektual cəmiyyətin bərqərar olmasına ən həssas və ümdə meyarları təmin edir. Ona görə də bir-birindən mütləq surətdə asılı olan təhsil və elmin qarşılıqlı əlaqəsi, həmçinin digər sahələrin tərəqqisində diktəedici xüsusiyyət daşıyan hər iki mühüm istiqamətin inkişafında paralelliyin təmin olunması Prezidentin hədəflərinin reallaşdırılmasına dəstək nöqteyi-nəzərindən olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasını təşkil edən 3000-dən artıq tələbə, magistr, doktorant və alim sayına, eləcə də bilik potensialına görə günümüzdə respublikanın ən böyük intellektual qüvvəsi hesab edilir. Azərbaycanda elmi-intellektual gəncliyin yetişdirilməsinə, həmçinin elm və təhsilin inteqrasiya prosesinə dəstək vermək, ölkədaxili və xarici coğrafiyada elmimizi populyarlaşdırmaq, milli və mənəvi dəyərlərimizə sadiq, vətənpərvər gənc nəslin formalaşdırılmasını təmin etmək kimi fəaliyyətlərin koordinasiyasını həyata keçirən bu ictimai birlik özünün illik fəaliyyət planında dövlət başçısının gənclər siyasətilə bağlı müəyyənləşdirdiyi müvafiq strategiyaları həmişə əsas reper hesab edir.
Gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi ilə əlaqədar ötən il AMEA-nın müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin regionlarda təbliği və təşviqi ilə bağlı işlərimiz öz əksini ümumtəhsil ocaqlarında keçirilən “Bugünün şagirdi və sabahın alimi” adlı əyləncəli proqramlarda, “Ən son elmi nailiyyətlərimiz” adli silsilə elmi seminarlarda, şəhər və rayon məktəblərində təsis etdiyimiz “Kiçik Akademiya”larla sıx əlaqələrimizdə tapmışdır. Elmin təbliği istiqamətində ərsəyə gətirilən ən uğurlu layihələrdən hesab edilən, eləcə də ümumrespublika miqyasında gənc alim və mütəxəssislər, xüsusən doktorant, dissertant, magistr və tələbələr üçün paytaxtda təşkil olunan “Gənc bioloqların qış məktəbi – 2019” və Qəbələdə keçirilən “Gənc arxeoloqların yay məktəbi – 2019” tədbirlərini ötən hesabatımızın ən əhəmiyyətli məqamları kimi qeyd etmək olar.
Elmlə təhsilin vəhdətinin yaradılması siyasətinə adekvat olaraq AMEA-nın təşkilat və müəssisələrində aparılan tədqiqatları ictimailəşdirmək, həmçinin akademiyanın müvafiq institutlarında təhsil alan magistrantları elmə həvəsləndirmək üçün AMEA Rəyasət Heyətinin Elm və Təhsil Baş İdarəsi ilə birgə “Gənc qadınlar elmdə” və “Magistr – 2019” müsabiqəsi uğurla təşkil edilmiş, qaliblər yüksək pul mükafatlarına layiq görülmüş və müvafiq nominasiyalı diplomlarla təltif olunmuşlar.
AMEA-nın Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə ən uğurlu əməkdaşlığının nümunəsi olan “Sabahın alimləri” VIII Respublika müsabiqəsi çərçivəsində gələcəyin alimi olacaq istedadlı məktəblilərin layihələrinin hazırlanmasında gənc mütəxəssislərimizin də böyük rolu var. Müsabiqədə qalib gələn əksər layihələr məhz AMEA-nın gənc alimlərinin rəhbərliyi altında yerinə yetirilmişdir.
Bundan başqa, şura tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan “Ulu Öndər Heydər Əliyev: keçmişimizin memarı, gələcəyimizin qarantı” mövzusunda elmi-praktik konfrans keçirilib. Mövzu ilə əlaqədar dinlənilən müxtəlif məruzələrdə Azərbaycan elminin və təhsilinin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu haqqında bir çox məqamlara toxunulmuşdur.
Gənc alimlərin potensialından səmərəli istifadə etmək, onların xarici ölkələrə ezamiyyətlərinə, eləcə də elmi-tədqiqat işlərinin nəşrinə dəstək vermək məqsədilə hesabat ilində müvafiq nazirliklər, fondlar və digər ictimai təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.
AMEA Gənc Alim və Mütəxəssislər Şurası Abşeron, Sumqayıt, Binəqədi rayonlarının YAP rayon təşkilatları ilə müştərək əlaqələrini möhkəmləndirmiş, milli-mənəvi dəyərlərimizə və digər hadisələrə dair müzakirələr, konfranslar təşkil edilmişdir.
Elmi-intellektual potensialı ilə xüsusi fərqlənən gənclərimizin geniş ictimaiyyətə tanıdılması məqsədilə ötən il “İlin gənc alimi”, “İlin tədqiqat layihəsi”, “Ən yaxşı elmi məruzə” kimi müsabiqələr də ərsəyə gətirilmişdir.
Şura tərəfindən təsis edilən, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri nəşrlər sırasında gənc tədqiqatçıların yeganə elmi dərgisi – “Gənc tədqiqatçı” adlı jurnalın ötənilki iki nömrəsi də uğurla çap etdirilmişdir.
Gənc mütəxəssislərimizin asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş “AMEA gənc alim və mütəxəssislərinin V institutlararası futbol çempionatı” adlı idman yarışı ötən il də uğurla davam etdirilmişdir.
Azərbaycan xalqının şanlı müstəqillik tarixinin əbədiləşdirilməsi, onun əldə olunmasında baş verən proseslərin elmi materiallar və faktlar əsasında təhlili ilə əlaqədar 20 Yanvar faciəsinin 29-cu ildönümünə, 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyinə və sair dövlət əhəmiyyətli hadisələrə dair elmi-praktik konfranslar keçirilmişdir.
2019-cu il ərzində təmsil etdiyimiz Şuranın üzvlərinin həyata keçirdiyi elmi və ictimai fəaliyyət istər ən ali səviyyələrdə, istərsə də ayrı-ayrı təşkilatlar, o cümlədən AMEA-ya bağlı müəssisələr tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, elmi-ictimai fəaliyyətləri ilə seçilən gənclərimiz hesabat ilində “Gənclər üçün Prezident mükafati”, “İlin gənci” kimi mükafatlara layiq görülüblər. Bundan başqa, AMEA Rəyasət Heyətinin və müvafiq bölmələrin fəxri fərmanlarına layiq görülən gənclərimizin sayı da ondan artıqdır.
AMEA Gənc Alim və Mütəxəssislər Şurası artıq növbəti illə bağlı fəaliyyət planını formalaşdırmağa çalışır. Bu ildən başlayaraq şura Azərbaycan elmi və təhsilli, həmçinin fəal intellektli gənc nəslin inkişafı üçün fundamental dəyərlərimiz baxımından prioritet hesab olunan ənənəvi fəaliyyətləri davam etdirməklə bərabər, innovativ ideyaların həyata keçirilməsi istiqamətində yeni qeyri-ənənəvi layihələrin gerçəkləşdirilməsini planlaşdırır. Həmişə olduğu kimi, 2020-ci ildə də elmi-ictimai fəaliyyətimizin əsas hədəfləri Prezident İlham Əliyevin gənclər siyasətinin ümdə məqsədləri ilə uyğunlaşdırılacaqdır.
Famin SALMANOV, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent
“Azərbaycan” qəzeti, 17 yanvar 2020-ci il