Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın gənc mütəxəssisləri Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb


2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə 2019-cu ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıblar.

Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, eləcə də digər dövlət və hökumət rəsmiləri, universitetlərin rektorları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə 2019-cu ildə Azərbaycanda gənclər sahəsində həyata keçirilən tədbirləri, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə bağlı fikirlərini əks etdirən videoçarx yayımlanıb.

Tədbirdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü elan edilib. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Daha sonra Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, 23 ildir gənclərimiz ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri Gününü təntənəli şəkildə qeyd edir. Nazir ötən il ölkəmizin, o cümlədən gənclərimizin həyatında uğurlu il olduğunu və bir çox nailiyyətlərlə yadda qaldığını vurğulayıb.

2020-ci ilin “Könüllülər ili” elan olunmasını Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqətin təzahürü olduğunu vurğulayan nazir ölkəmizdə könüllülük hərəkatının daha da artmasının cəmiyyətdə gənclərin inkişafına və könüllülük mədəniyyətinin formalaşmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Azad Rəhimov bildirib ki, bu il Azərbaycan Gəncləri Günü maraqlı bir tarixə təsadüf edir. Nazirlik tərəfindən özündə bu tarixi əks etdirən loqotipin hazırlanması üçün müsabiqə də elan olunub. “02.02.2020 rəqəmi Azərbaycan gənclərinin yeni bir kodudur. İnanıram ki, bu rəqəmlər gənclər üçün yeni uğurlar gətirəcək. Gənclər sahəsində işləyən müvafiq dövlət qurumları da gənclərə bu istiqamətdə öz köməyini əsirgəməyəcək.” – deyə nazir əlavə edib.

Sonra mükafatlandırma mərasimi baş tutub.

Tədbirdə 2019-cu ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclər təltif olunublar.

Elm nominasiyası üzrə mükafat AMEA-nın Radiasiya Problemləri İnstitutunun gənc mütəxəssisi Azər Sadıqov və Neft-Kimya Prosesləri İnstitutunun gənc alimi Ziyarət Paşayevaya verilib.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Gəncləri Günü münasibətilə rəssam və dizaynerlər arasında elan etdiyi loqotip müsabiqəsinin qalibi isə Ehtiram İbrahimov olub.

Bundan başqa, dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyəti ilə seçilən bir sıra gənc və tələbə-gənclər təşkilatları, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş, ictimai fəallığı ilə seçilmiş gənclər də mükafatlandırılıblar.

Mərasimdə Masallı şəhərinin 2020-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi rəsmən elan edilib. Bildirilib ki, Masallı “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.

“Gənclər paytaxtı”nın rəmzi açarı Masallı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təqdim edilib.

© Mənbə: www.science.az

Faydalı linklər