Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik Ramiz Mehdiyevin nəzəri baxışlarında Azərbaycanın liderlik fenomeni


XXI əsr dünyada qlobal siyasi rəqabətlərin gücləndiyi milli dövlətlərin özünütəsdiqi, innovasiyalılıq, rəqəmsal strategiya dövrüdür. 24 yanvar 2020-ci il Davos Forumu çərçivəsində Prezident İlham Əliyevin “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda səsləndirdiyi fikirlər müstəqil Azərbaycan reallıqlarını əks etdirir. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Azərbacan həyata keçirilən uğurlu xarici və daxili siyasət nəticəsində regionda və dünyada sülhün və təhlükəsizliyin təminatına mühüm töhfələr verir. Ölkəmiz öz iqtisadi inkişafını təmin etməklə yanaşı, regional və qlobal inkişafa da dəstək verir. Bu reallığı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr də təsdiq edir”.

Bu kontekstdən də akademik Ramiz Mehdiyev “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” adlı yeni kitabında yazır: “İlham Əliyevin həll etməli olduğu məsələlər çox geniş miqyaslı idi. Onlar Heydər Əliyevin fəaliyyətinin yekunları ilə müəyyən olunurdu: – dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi artımın yüksək sürətinin təmin edilməsi və yeni iş yerlərinin yaradılması, xalqın sosial rifah səviyyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrin modernləşdirilməsi yolu ilə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, xarici siyasət sahəsində milli maraqların təmin edilməsi və heç şübhəsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və s…”.

Əsərdə zaman prizmasından “keçmişə realist idrak meydanından nəzəri baxış sərgilənir. Həmçinin Prezident İlham Əliyevin hakimiyyət dövrünü “inkişafın yüksək tempi dövrü kimi qiymətləndirilir”. Akademik yazır: “Etiraf etmək lazımdır ki, yeni minilliyin əvvəlində Azərbaycanın üzləşdiyi təhdidlər İlham Əliyevdən ümummilli lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün zəruri olan xüsusi, demək olar ki, müstəsna qabiliyyətlər tələb edirdi. Heydər Əliyevin prezidentlik dövrünün tarixi göstərir ki, Azərbaycan şəraitində transformasiyalar təkamül yolu ilə və dərk edilmiş inkişafa əsaslananda səmərəli olur”.

Faktiki olaraq Ramiz Mehdiyev müasir həm politoloji, həm də ideoloji fikir üçün yeni və dərin bir ideya formalaşdırır. Genişmiqyaslı planlar isə qloballaşma dövründə real siyasi lider tərəfindən həyata keçirilir. Modernləşən siyasət keçmiş dövrü inkar etmir, əksinə, keçmişin təcrübəsindən bəhrələnərək daha incə və mürəkkəb məsələləri həll edir.

İLHAM ƏLİYEVİN LİDERLİK FENOMENİ: ƏNƏNƏVİLİK VƏ YENİLİK

Müasir Azərbaycan qloballaşan dünyanın mərkəz nöqtəsində, Avropa ilə Asiyanın kəsişməsində yerləşən geosiyasi məkan olub, artıq keçmiş sosializm sistemindən müstəqil suveren dövlətçilik yoluna keçid etmiş hüquqi dövlətdir. Bu nöqteyi-nəzərdən də müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyev də deyirdi: “Keçid dövrü yaşayan ölkələrə başçılıq etmək istəyən şəxslər gərək çox təcrübəli, dünyanı bilən adam olsun”. Bu mənada təqdim etdiyimiz təhlildə ulu öndər Heydər Əliyev siyasi məktəbinin uğurlu davamçısı Prezident İlham Əliyev “təcrübəli və dünyanı biləndir”. Və nəinki dünyanı bilən, həmçinin dünyanın da bildiyi, tanıdığı milli liderdir. Müasir Azərbaycana rəhbərlik edənə qədər müəllimlikdən Baş nazir vəzifəsinə qədər böyük bir təcrübəyə söykənən fəaliyyət yolu keçmiş, ən əsası isə ümummilli lider Heydər Əliyev dühasından həm genetik, həm də siyasi anlamda mükəmməl bünövrə almışdır. Akademik Ramiz Mehdiyev yazır ki: “Prezident İlham Əliyev təcrübəli dövlət başçısı və uzaqgörən siyasi xadim keyfiyyətlərini ümummilli lider Heydər Əliyevdən əxz edibdir”.

2003-cü ilin 15 oktyabrında prezident seçkilərində ilk dəfə qələbə qazanan ölkə başçısı İlham Əliyev həmin ilin 31 oktyabr tarixində keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” – deyə bəyan etdi. Məhz bu siyasi kursu davam etdirən Prezident İlham Əliyev müasir Azərbaycan üçün çox vektorlu strateji əhəmiyyət kəsb edən müxtəlif sahələri əhatə edən inkişaf proqramlarının hazırlanmasının və onların işlək mexanizmlər əsasında həyata keçirilməsinin əsas müəllifi olmuşdur. Prezident “Əsl siyasət konkret real iş görməkdən ibarətdir” – tezisini irəli sürmüş, bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və mətin əzmkarlıq nümayiş etdirmişdir. Akademik Ramiz Mehdiyev qeyd edir ki, bu illərdə Azərbaycan özünün sosial dövlət mövqelərini xeyli möhkəmlədibdir. Mahiyyət etibarilə Azərbaycan güclü ordusu və güclü xarici siyasəti olan qüdrətli dövlətdir.

III minillikdə Azərbaycana rəhbərlik edən dövlət başçısı hər bir mərhələ üçün qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirmiş, islahatların sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirilməsini istiqamətləndirmişdir. Burada bir sual maraqlıdır: – Dünyada gedən qərbləşmə prosesində bəs Azərbaycanın modernləşməsi necə olmalıdır? Bu:

– cəmiyyətdə antimodernist potensialı aradan qaldırmaqla;

– ənənəçilik qalıqlarını neytrallaşdırmaqla, ölkənin milli maraqlarını qorumaqla, iqtisadi rifahı tənzimləməklə, vətəndaşların sosial müdafiəsini, dini etiqad, insan hüquqları və azadlığının təminini ictimai və texnoloji yenilənmələrlə dəyişməkdir.

Bu mənada 2003-2019-cu illərdə Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya sisteminin müxtəlif təsərrüfat sahələrinə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət olmuşdur. Akademik Ramiz Mehdiyev əsərdə iqtisadi göstəriciləri diqqətə yetirir və aydın olur ki, ölkəmiz bu illərdə daha yeni inkişaf tempinə yönəlibdir. Məsələn, “The American interest” nəşrində Amerika xarici siyasət şurası yanında mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Kornell qeyd edir ki, Prezident İlham Əliyevin islahatlara yanaşması köhnə təsisatları “təmir etmək” deyil, imkan daxilində yeni təsisatlar yaratmaqdan ibarət idi. Bu ideyaları, həm də rusiyalı alim A.Karavayev də dəstəkləyir. Prezident İlham Əliyevin bu illər ərzində imzaladığı fərmanlar, təsdiq etdiyi dövlət proqramlarında dünyanın müasir çağırışlarına hədəflənən istiqamətlərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Buraya ölkədə mövcud iqtisadi resursların gücləndirilərək kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan dövlətinin qurulması yolunda çoxşaxəli iqtisadiyyatının formalaşdırılması), hər bir regionun özünəməxsus potensialından tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxsaylı yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişafına dəstək verilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və bu kimi həm iqtisadi, həm siyasi, həm mədəni və s. mühüm vəzifələri aid etmək olar.

Nəzərə yetirək ki, müstəqilliyin ilk illərində ulu öndər Heydər Əliyev vurğulayırdı: “Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik”. Həqiqətən də ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikası ilə dünyanın inkişaf edən ölkələri, nüfuzlu korporasiyaları ilə birtərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri imzaladı. Tədricən müstəqil Azərbaycan dünya “böyük səhnəsində” özünəməxsus aparıcı rollardan birini yerinə yetirdi.

1994-cü il sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə “Yeni neft strategiyası”nın uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi ulu öndər Heydər Əliyevin iqtisadi siyasətinin əsas prioritetləri kimi tarixə yazıldı. Bunun nəticəsidir ki, ötən illərin iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş sosial-iqtisadi yüksəlişi ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Ümumilikdə qəbul edilən əsaslı qərarlar, imzalanan fundamental sərəncamlar Prezident İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Yeni islahatlar mərhələsi də bu inkişaf yolunun dialektik məntiqli davamıdır.

Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafının yeni mərhələsi həm də sahibkarların, orta sinfin həyatda aparıcı milli təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu təsadüfi olmayıb, əksinə, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gəlir. Azad bazar iqtisadiyyatı münasibətlərinin fəal tərəfdarı kimi çıxış edən Prezident İlham Əliyev inkişaf prosesində orta sinfin rolu barədə əsaslı konsepsiyanın da yaradılmasına istiqamət verdi. Prezident İlham Əliyev deyir: “Sahibkarlıq bizim üçün prioritet məsələlərdən biridir. Sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir”.

Akademik Ramiz Mehdiyev qeyd edir ki, son illərdə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar məbləğində sərmayə qoyulub. Nəticədə bu gün ölkə şaxələndirilmiş iqtisadiyyat sisteminə malikdir. “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb, mövcud innovasiyalı istehsal obyektləri genişləndirilib, ölkənin aqrar sektoruna güclü təkan verilib.

XXI əsr Azərbaycanında həyata keçirilən islahatlar, köklü dəyişmələr həm də dövlət idarəçiliyinin bütün strukturlarının modernləşdirilməsi, elitaların yeniləşməsi, iqtisadi göstəricilərin şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması tədbirləri ilə müşayiət olunur. Akademik Ramiz Mehdiyevin bu fikri praktikada təsdiqini tapır: “reallıq yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Ölkə vətəndaşlarının yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır”. Bu mətndə də Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan demokratiya yolu ilə uğurla gedir”.

Azərbaycanın üçüncü minillikdə sürətli inkişaf tempi cəmiyyətdə konsensusun əldə olunmasına, sosialyönümlü tərəqqiyə və modernləşməyə xidmət edən hüquqi-siyasi, demokratik islahatlar kursunun daha da genişləndirilməsini obyektiv zərurətə çevirmişdir. Akademik Ramiz Mehdiyev bu əsərində də bir sıra siyasi analitiklərin fikirlərinə istinad edərək müqayisələr aparır.

Təcrübə də təsdiq edir ki, inkişaf səviyyəsi yüksək olan ölkələr postindustrial dövrünün tələblərinə uyğunlaşma məsələlərini yalnız müasir biliklərə söykənərək cəmiyyətin kifayət qədər formalaşmış demokratik təsisatları mövcud olduqda həll edilə bilərlər. Demokratik təsisatların inkişafı cəmiyyətin yeniləşmə meyilləri ilə birləşəndə isə səmərə verir. Buna nəzərən, demək olar ki, Azərbaycanda da milli gəlirin artım tempi ilə siyasi-hüquqi, mədəni-ictimai, mənəvi-sosial islahatların həyata keçirilməsi prosesi müsbət mütənasiblik təşkil edir. Məhz belə bir islahatlar mərhələsində zəruri ictimai münasibətlərin də xarakterində yaşanan dövrlə bağlı fundamental dəyişikliklərin baş verməsini labüd və qarşısıalınmaz zəruri proses kimi səciyyələndirmək olar. Digər əsas bir məsələ də “informasiya iqtisadiyyatı” da formalaşır, bu isə müxtəlif dövlət qurumlarında vətəndaşların cəlb edildiyi ən mürəkkəb idarəetmə əməliyyatları tam elektron formada tətbiq edilir. “E-dövlət” və “vətəndaş-dövlət” seqmentində də Azərbaycanın dünyaya model kimi təqdim etdiyi “Asan xidmət” də Prezident İlham Əliyevin modernləşdirmə kursunda innovativ siyasi xəttdir.

Ölkədə həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlar mahiyyətcə cəmiyyətdə sosial iqlim, sivil və milli siyasi və əxlaqi davranış normalarının möhkəmlənməsinə xidmət etdiyindən, Azərbaycanda müxalifətçiliklə bağlı nihilist, radikal və anarxist yanaşmalarda da tədricən dəyişikliklərin baş verəcəyi də şübhəsizdir. Ölkə rəhbərliyi də Azərbaycan sosiumunun inkişafının üç əsas amilini – milli birlik və həmrəylik, siyasi suverenliyi və firavanlığı, mənəvi dəyərlərin bütövlüyünü təmin etmək üçün ölkəni zəruri inkişaf səviyyəsinə çatdırmağa çalışır. Yəni, Azərbaycanın yolu – inkişaf və demokratiyadır. Yeni siyasi şəraitdə demokratiya təkcə hər hansı bir seçki prosesi zamanı müəyyən olunmuş gündə səsvermə qutularına yaxınlaşıb səs verməkdən ibarət deyildir. Demokratiya cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, siyasi mədəniyyəti, habelə vətəndaş-dövlət münasibətləri arasında qarşılıqlı hörmətin təzahür formasıdır. Bu proses isə dövlətin daha da güclənməsinə və davamlı inkişafına imkan yaradır.

2019-cu ilin oktyabrından, belə demək mümkünsə dəyişən payız fəslində ölkədə siyasi mühit də yenilənərək dəyişdi. Son islahatlar, Prezident İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar da göstərir ki, ölkə iqtidarı siyasi məkanın yenilənməsinə olan ictimai-sosial tələbatı aydın dərk edərək, bu istiqamətdə real əməli tədbirlər həyata keçirir. Siyasi-hüquqi cəhətdən sabit və oturuşmuş, iqtisadi kontekstdə davamlı inkişaf edən, mənəvi-ideoloji və mədəni bütövlüyünü təmin edən müasir Azərbaycan idarəçilik sistemində yeni “işgüzar, sosial və birliklər strategiyası” tətbiq olunur. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları (məsələn, BDU-nun 100 illik yubileyinə həsr olunan mərasimdə, həmçinin ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəsmi Moskva səfəri ilə bağlı və s.) sərəncamları, söylədiyi fikirləri bu baxımdan xüsusi maraq doğurur.

İSLAHATLARIN POST NEFT DÖVRÜ VƏ STRATEJİ XƏTTİ

Müasirlik prosesi çox mürəkkəbdir. Prezident İlham Əliyevin Dövlətçilik İnstitutunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirdiyi strateji xətti ölkənin modernləşməsinin ən yeni mərhələsidir. Ramiz Mehdiyev yazdığı kimi, lider rolunun həqiqi miqyası konkret işlərin reallaşmasında üzə çıxır. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib. O, müasir şəraitdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir. İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Dövrün artıq başlıca məqsədi biliklər iqtisadiyyatı, sosial kapitala əsaslanan dövlət – cəmiyyət sisteminin təkmilləşdirilməsidir. Bu isə ictimai sərvət və dəyərlərə, prioritet və meyarlara keyfiyyətcə yeni münasibət bəsləməyi nəzərdə tutur. Müasir şəraitdə isə buna seçilmiş addımlarla, prioritet və dəyərlərin köməyi ilə, başqa sözlə, müasirliyi texniki və informasiya imkanlarını milli ənənələrlə birləşdirərək, elmin inkişafına impuls verməklə nail olmaq olar. Akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” kitabının birinci fəslində bu məsələlər ətraflı və dərindən təhlil olunur. İlk növbədə, ölkəmizin sürətli inkişafı üçün bu proseslərin mərkəzində səmərəli iqtisadiyyat, yeni tipli kadrlar, innovativ, bilikli insan, peşəkar və bacarıqlı vətəndaşı olmalıdır. İkincisi, biliklər iqtisadiyyatına və sosial kapitala əsaslanmış sistemin təkmilləşməsi məsələləri məhkəmə-hüquq sahəsində də keçirilməlidir. Bunun üçün isə o, müasir fəlsəfi-mənəvi, siyasi-sosioloji metodologiyaya əsaslanaraq yenilənmənin ortaya çıxarmış olduğu ən mühüm suallara və çağırışlara cavab verə bilməli, mentalitetimizin və milli təcrübəmizin ən layiqli tərəflərini əks etdirməklə onu gələcək nəsillərə ötürə bilməlidir.

Azərbaycançılıq ideologiyasının əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Prezident İlham Əliyev də bu ideoloji xətti davam etdirir. Biz ictimaiyyətşünaslıqla məşğul olan alimlərin üzərinə isə bu ideoloji xətti öyrətmək və inkişaf etdirmək, maarifləndirmə ilə yaymaq məsuliyyəti düşür. Başqa sözlə, islahatların yeni mərhələsində azərbaycançılıq məhz inkişafın Azərbaycan modeli mərkəzində durmalıdır. Keçmişə ehtiramla yanaşmaq, onu dərindən bilmək və onun ən müsbət nümunələrini gənclərin mənəvi və vətənpərvərlik ruhunda tərbiyə işində istifadə etmək günümüzün ən vacib vəzifələrindən biridir. Bu da ölkəmizin müasir inkişaf məqsədlərinə xidmət etməli və gələcəyə yönəlməlidir. Üçüncüsü, ölkənin müasirləşməsi və biliklər iqtisadiyyatına yol təhsil sahəsində də yüksək səviyyənin təmin olunmasını tələb edir. Gənclər ən yüksək keyfiyyətli bilik almağa layiq olmaqla innovasiyalılıq şəraitində yaşamağı bacarmalıdır. Həm də bu yaşam tərzində yeni elitalara da daxil olmalıdırlar. Müasir innovasiyalılıq sistemi yalnız müasir texnologiyadan istifadə etmək demək deyildir. Eyni zamanda, İKT sistemini bir strateji resurs kimi, sərvətin yeni növü kimi anlamaqdır, başqa sözlə biliklər iqtisadiyyatında izafi dəyər prosesi zəminində tək zəhmət sayəsində deyil, məhz bilik iqtisadiyyatında fərdlərlə qarşılıqlı əlaqə uğur gətirir, ona görə də cəmiyyətdə milli ideologiyanın və qarşılıqlı etimadın, vətənpərvərlik və milli dəyərlərin olması olduqca vacibdir, eyni zamanda, ənənə və yenilik arasında isə mütləq əsas olaraq ölçü-tarazlıq gözlənilməlidir. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində qeyd etmişdir ki, humanitar elmlərlə yanaşı, qeyri-ictimai elmlərə olan ehtiyac da təmin olunmalıdır. Dördüncüsü, təbii ki, Azərbaycanda siyasi liderliyin siyasi strategiyası və islahatların yeni mərhələdə etibarlılığı amili hərtərəfli inkişaf mövzusunun aktuallaşması deməkdir.

Dünyanın yeni nizamı çərçivəsində elitaların dəyişməsi məsələləri ciddi risklərlə bağlıdır və birlik, həmrəylik, razılaşma mövqelərindən bu risklərin qarşısını qabaqcadan alınması nəzərdə tutulmalıdır. İndiki mərhələdə elitaların keyfiyyəti, həm də dövlətin və ölkənin demokratikləşməsini təmin edir. Demək olar ki, bu tezis ölkənin alimləri, ictimaiyyəti üçün demokratiyanın dərk olunmasında irəliyə doğru bir sıçrayışdır. Həm də bir çoxları hələ də əmindirlər ki, demokratiya xalq hakimiyyəti və seçkilər deməkdir. Lakin bunun həm də peşəkarlıq, seçmə və seçim meyarları olduğunu, keyfiyyətli menecerləri seçə bilmək, insanları peşəkar keyfiyyətlərinə görə vəzifəyə təyin etmək bacarığı olmadan demokratiyanın inkişafa qadir ola bilməyəcəyini unudur və ya bilmirlər. Buna görə də ictimai-siyasi sabitliyi qoruyub saxlayaraq, elitalar dəyişikliklərində də bir ölçü, bir balans olunması zəruridir. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin oktyabrından başlayan qətiyyətli, əzmkar və siyasi modernliyə söykənən islahatlar xətti bu məsələlərin gündəmdə olmasının bariz göstəricisidir.

LİDER VƏ ELİTA: BƏZİ DÜŞÜNCƏLƏR

Liderlik olduqca məsuliyyətli, ciddi və ağır yükdür və onun altına yalnız tolerant, müdrik, təcrübəli siyasətçilər, strateqlər girə bilər.

V.Putin, R.T.Ərdoğan, D.Tramp, Si Tsinpin və b. siyasilər yalnız onlara, əsas da ölkələrinə məxsus strategiyalar aparırlar. Bu böyük ölkələrin dövlət sistemi və institusional quruluşları fərqlidir. Bu sıralarda balanslı strategiyası ilə özünəməxsus dünya siyasətində vacib yeri olan Prezident İlham Əliyev də vardır.

Zaman ümumi, həm də konkretdir. Azərbaycanın da qarşısında yeni tələblər, yeni hədəflər, çağırışlar və seçimlər qoyur. Müasir dövrün demokratik dəyərlərinin təşəkkülü cəmiyyətləri sivilizasiyalı inkişafla eyniləşdirən yeni rəmzlərin gəlməsi üçün zəmin yaratmışdır. Sivilizasiyalara zaman çəkisi, bu və ya digər cəmiyyətlərin tarixi reallıqları kontekstində baxılır, onların əlamətləri, məsələn, urbanizasiya ilə, əhalinin sürətlə artması ilə, təhsil sisteminin və elmi proqram və biliklərin inkişaf dərəcəsi ilə, əmək məhsuldarlığı ilə əlaqələndirilir.

XXI əsrin ikinci onilliyinin sonunda sabitlik və nisbi firavanlıq dövründə bəzilərinin əvvəlcədən sezdiyi bir məsələ aydın oldu: özü-özlüyündə iqtisadiyyat və pul qüdrətli, güclü demokratik, hüquqi və sivill dövlət yaratmır və hətta fərdi xoşbəxtliyi belə təmin edə bilmir. Lakin indi, müasirləşmə dövründə bu məsələnin tədqiqi transformasiya prosesinin təmayüllərini, istiqamətini, dəyərlərə, lider və elitaya olan tələbatı aşkar etməyə geniş imkan verir. Aydındır ki, lider həmişə etik dəyərlər, hakimiyyət, elita və xalq arasında dialoq aparan olur.

Akademik Ramiz Mehdiyev qeyd edir ki, Prezident İlham Əliyev nadir şəxsiyyətdir. Onun simasında həm islahatçı, həm sabitliyin, həm də daxili siyasi tarazlığın saxlanması amili cəmləşibdir. Bizim prezident ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, iqtisadi, sosial və ekoloji amillər nəzərə alınmaqla, ölkənin davamlı inkişafını uğurla təmin edir. Bu vəzifələri reallaşdırmaq üçün o intellektuallardan ibarət komanda (elita) formalaşdırıbdır. Akademik yazır ki, bu intellektuallardan ibarət olan komanda ümumi beyin, ya ümumi zəka təşkil edən yeni elitadır. Aydındır ki, bir halda ki, müasir XXI əsr Azərbaycanın lideri əsaslı transformasiyaya – cəmiyyət həyatının bir çox tərəflərini, onun siyasi mədəniyyətinin də yüksəldilməsinə, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasına çalışır, onda, təbii ki, qeyri-maddi, etik, ideoloji, siyasi-fəlsəfi və s. amillərin nəzərə alınmasına bu ərəfədə daha diqqətli yanaşmaq vacibdir. Bu mənada Prezident İlham Əliyevin bütün uğurlarının fövqündə dayanan məslək, milli ideya və qüdrətli məfkurə – azərbaycançılıq ideologiyası – milli-mənəvi dəyərlərin qorunması, multikultural həyat tərzi təbliği dəyərli bir ideya kimi Azərbaycan reallığında bərqərar olmuşdur.

O hakimiyyət parlaq, tərəqqisevən sayılır ki, o, öz xalqının qeydinə qalmış olsun. Burada cəmiyyətin müxtəlif qruplarının, insanlara hansı qayğının lazım olduğu barədə təsəvvürlərdə ilk fərqlənmə əks oluna bilər. Bəzilərinə total, hətta belə desək, paternalist qayğı lazımdır. Başqalarına isə yalnız onlara yardım göstərmək, müdafiə etmək, amma müstəqil olmalarına mane olmamaq və s. lazımdır.

Hər bir ölkənin özünün siyasi, iqtisadi, intellektual və digər tərkib hissələrinə ayrıla və ya bütövlükdə qavranıla bilən müəyyən mədəniyyəti vardır. Bir qayda olaraq, mədəniyyətlərin diferensiasiyası prosesi, cəmiyyəti peşəkarlığın əhəmiyyətini dərk etməyə hazır olması ilə düşüncənin ağıllı təfəkkür tərzinin bütün həyat fəaliyyəti sahələrində üstünlük təşkil etməsinə, cəmiyyətin mütəxəssisləri özünün bütün işlərində intellektuallar kimi qəbul etməsinə hazır olmasını, cəmiyyətdə ekspertlərin fəaliyyətinin dəyərləndirilməsi meyarlarının formalaşmasına kömək etməlidir. Təbiidir ki, bu cür elitanın və belə bir cəmiyyətin təşəkkülü, indiki şəraitdə, orta sinfin mənafe və dəyərlərinin üstünlük təşkil edən qüvvə kimi təsbit olunması ilə sıx bağlıdır. Orta sinif elita deyildir, amma nəzərə alaq ki, onun ən yaxşı nümayəndələri də elitaya daxil olub, onu tamamlamaq məqsədəmüvafiqdir. Bu mənada da Prezident İlham Əliyev Azərbaycanda XXI əsrin ikinci onilliyinin sonunda “yeni elitanın” formalaşması kursuna da start verdi. Daha innovativ təhsilli, bacarıqlı, peşəkar təfəkkürlü, menecment qabiliyyətlərinə malik mütəxəssislərdən ibarət yeni komandanın formalaşmasına təkan verdi. Məhz bu amil də onu XXI əsrin ən yeni tarixində islahatçı, yenilikçi Prezident olaraq daxil edəcəkdir. Bu təbəqə, əlbəttə, nisbi olaraq, düzgün rəqabətyönlü islahat aparmağa, test və hər bir digər imtahanlardan çıxmağa hazırdır. Lakin nəzərdə saxlamaq lazımdır ki, bir çox qruplar hələ də rəqabəti hər cür yolla kənara qoyulası, xoşagəlməz bir şey olduğunu hesab etsələr də, Prezident İlham Əliyev öz balanslı yanaşma siyasəti ilə hər bir məsələni nizamlayır.

Beləliklə, ulu öndər Heydər Əliyevin strateji kursunu davam etdirərək və yaradılmış sosial-iqtisadi bazaya əsaslanaraq Prezident İlham Əliyev zamanın yeni çağırışlarına cavab verir, bu isə postsənaye cəmiyyəti problemlərini sürətlə həll etmək və postsənaye (innovasion) cəmiyyəti quruculuğuna keçilməsi deməkdir. Eyni zamanda, Prezident İlham Əliyev cəmiyyətin bütün sahələrinin yenilənməsinə çalışır. Demək olar ki, dövlət rəhbərinin yanaşması Azərbaycanın inkişaf yollarının innovasion dərkinin daimi axtarışıdır. Bu kontekstdə Azərbaycan ictimaiyyətşünas alimlərinin lider və müasirləşmə nəzəriyyəsini dərindən tədqiq, onun müxtəlif mərhələlərinin təhlil və cəmiyyətin müasirləşdirilməsinə kömək edə bilən fenomenal xüsusiyyətlərinin dərki siyasi-fəlsəfi və nəzəri əhəmiyyət kəsb edir.

Fikirlərimizə akademik Ramiz Mehdiyevin məntiqi ilə yekun vuraq: “Prezident İlham Əliyev yeni minillikdə Azərbaycan xalqının ümummilli lideri olaraq siyasi xadim, görkəmli islahatçıdır”.

İlham Məmmədzadə, AMEA Fəlsəfə İnstitutunun direktoru, professor

“Respublika” qəzeti,  8 fevral 2020-ci il

Faydalı linklər