Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-da Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib


Fevralın 19-da AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib.

Görüşdə AMEA rəhbərliyi, akademiyanın elmi müəssisə və təşkilatlarının elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuralarının sədrləri və bu şuraların elmi katibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq son zamanlar akademiyada müxtəlif dövlət qurumları ilə keçirilən görüşlərin Prezident İlham Əliyev tərəfindən aparılan quruculuq prosesinə dəstək verdiyini bildirib. Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətinə toxunan akademik Ramiz Mehdiyev ölkə Prezidentinin bu komissiyanın işinin təkmilləşdirilməsi və nüfuzunun artırılması istiqamətində qəbul etdiyi sərəncamlar, görülən işlər və tətbiq olunan yeniliklərdən danışıb.

Sonra çıxış edən Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elm və təhsilin vəhdətinə xidmət edən görüşlərin, müxtəlif səpkili tədbirlərin, eləcə də elmi qurumlarla əlaqələrin möhkəmləndirilməsinin təqdirəlayiq hal olduğunu deyib. Bildirib ki, bu addımlar ölkəmizdə elmi potensialın yüksəldilməsi yönündə mühüm rol oynayacaq.

O, rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərinə dair təqdimatla çıxış edərək Komissiyada atılan bütün addımların AR Prezidentinin rəhbərliyi və böyük dəstəyi ilə həyata keçirildiyini deyib. F.Mustafayev quruma sədrlik etdiyi müddət ərzində 2500-yə yaxın elmi işə baxıldığını, prosedur qaydaları, normativ sənədlər və mexanizmlərin yeniləndiyini diqqətə çatdırıb.

Elmi dərəcə və elmi adların verilməsi prosesindən söz açan sədr yenilənmiş normativ sənədlər, əlavə və dəyişiklik edilmiş qaydalar, eləcə də dövri elmi nəşrlər barədə də geniş məlumat verib. F.Mustafayev ölkə başçısının 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” haqqında danışaraq, elmi dərəcələrin verilməsində beynəlxalq təcrübədən yararlandıqlarını bildirib. O, həmçinin elmi dərəcə və adların verilməsi üçün elmi məqalələrin dərc olunması tövsiyə edilən beynəlxalq, yüksək istinad indeksli nüfuzlu jurnallar, eləcə də Azərbaycan nəşrləri barədə məlumat verib.

Məqalə, konfrans və simpoziumlarla bağlı tələblərin sayının azaldıldığını vurğulayan F.Mustafayev dissertasiya işlərinin tərtibi, həcmi, təqdim olunma müddəti, dissertasiya şuralarının səsvermə qaydaları, səlahiyyət müddəti, xaricə göndərilən avtoreferatların yazılma dili, seminarlar, o cümlədən plagiat baş verən hallarda tətbiq olunan qaydalarla əlaqədar yenilik və dəyişiklikləri diqqətə çatdırıb.

Ali Attestasiya Komissiyasının sədri işgüzar müzakirələr şəraitində keçən faydalı görüşə görə akademiya rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra AMEA əməkdaşları və dissertasiya şuralarının sədrləri tərəfindən səsləndirilən suallar cavablandırılıb, bir sıra maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda akademik Ramiz Mehdiyev F.Mustafayevə AMEA əməkdaşları adından təşəkkür edərək, görüşdə müzakirə olunan məsələlərin elmi potensialın gücləndirilməsinə təkan verəcəyinə və səsləndirilən fikirlərlə bağlı mühüm nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

© Mənbə: www.science.az

Faydalı linklər