02/03/2020
Azərbaycan və Türkiyə tarixi kökləri, taleyi, milli-mənəvi dəyərləri, dövlətçilik maraqları bir-birini tamamlayan, ortaq siyasi-iqtisadi maraqları olan qardaş ölkələrdir.
Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin “tək millət, iki dövlət” kimi atalar sözünə çevrilmiş müdrik kəlamı ölkələrarası münasibətlərin dərin mənasını bütün mahiyyəti ilə ifadə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətlərarası münasibətlər prosesində atdığı qətiyyətli addımlar möhkəm təməllərə əsaslanan tarixi qardaşlıq əlaqələrinin daha da inkişaf edərək möhkəmləndirilməsinə uğurla xidmət göstərir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün səviyyələrdə Azərbaycanın milli və dövlətçilik maraqlarını dəstəkləməsi qarşılıqlı əlaqələrin yeni mərhələyə doğru inkişaf etdirilməsinə öz töhfəsini vermişdir. Beləliklə, müstəqillik dövründə Azərbaycan-Türkiyə münasibətləri ardıcıl olaraq daim zirvədən-zirvəyə doğru inkişaf etmişdir.
Ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası münasibətlərin salnaməsinə yeni və parlaq səhifələr əlavə etmişdir. Əvvəla, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında müxtəlif sahələri əhatə edən və mühüm strateji əhəmiyyətə malik olan 14 sənədin imzalanması demək olar ki, inkişafda olan siyasi-iqtisadi proseslərin daha da irəliyə aparılmasına böyük təkan vermişdir. Bundan başqa, ilk dəfə olaraq bir neçə yeni istiqamətdə mühüm strateji əhəmiyyətə malik addımların atılması əlaqələrimizin inkişafında yeni üfüqlərin açılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, Azərbaycan-Türkiyə rəhbərlərinin hər bir görüşü böyük məna daşıyır: “Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir”. Türkiyə Cümhuriyyətinin Prezidenti də ölkələrarası münasibətlərdə bütün sahələrdə həmrəylik və inkişafın ən yüksək səviyyədə davam etdiyini əminliklə bildirmişdir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ məsələsində Azərbaycanda dövlət başçısının “Dağlıq Qarabağ Azərbaycanındır nida” formatında ifadə etdiyi bəyanatına qardaş ölkənin də imzasının qoyduğunu bildirməsi qarşılıqlı həmrəyliyin konkret təzahürüdür.
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokol”un imzalanması Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dövlətlərin verdiyi xüsusi önəmin daha bir əməli ifadəsidir. Eyni zamanda, gənclər və idman sahəsində, televiziya və “Asan xidmət” qurumlarında, energetika və mühəndislik istiqamətlərində, hərbi-maliyyə əməkdaşlığı, qarşılıqlı vizadan azadetmə məsələlərinə dair imzalanmış sənədlər hər iki ölkədə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaqdır. Bundan başqa, ticarət dövriyyəsinin 4 milyarddan 15 milyarda çatdırılması haqqında əldə edilmiş razılaşma iqtisadi sahədə işbirliyinin böyük sürətlə inkişaf etdirilməsinə təkan verəcəkdir.
Fikrimcə, “Qars-İqdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının ən mühüm hadisəsidir. İndiyədək hər iki ölkədə dövlət rəsmiləri tərəfindən bu barədə səsləndirilən bəyanatlar məsələnin əhəmiyyətinə verilən qiymətin ifadəsi olmuşdur. Lakin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında imzalanmış memorandum mühüm strateji əhəmiyyətə malik olan bu layihənin reallaşdırılıması sahəsində dövlətlərin konkret mövqeyini meydana qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin strateji əhəmiyyətini nəzərə alaraq bu mühüm işi “xüsusi əhəmiyyət daşıyan məsələ” adlandırmışdır: “Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni müharibə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İqdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhəd olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır”.
Həqiqətən də Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi ilə uzun illərdən bəri çətin blokada şəraitində yaşamağa məcbur edilmiş Naxçıvan Muxtar Respublikasında böyük potensiala malik olan meyvə-tərəvəz, duz, mineral su kimi məhsulların dünya bazarlarına çıxarılmasına geniş imkanlar açılacaqdır. Bu da öz növbəsində regionda həmin sahələrin inkişafına böyük təkan verəcəkdir. Bundan başqa, Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi iqtisadi səmərəsindən əlavə, həm də siyasi əhəmiyyətə malik hadisədir. Bu dəmir yolu xəttinin çəkilməsi Naxçıvanın blokadadan çıxarılması baxımından da əhəmiyyətli addımdır. Ermənistanla sərhəddə yerləşən Naxçıvanın mövqelərinin inkişaf etdirilib möhkəmləndirilməsinə xidmət edən bu layihə hərbi cəhətdən də əlverişli addımdır. Regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük təminat vermiş 1921-ci ilin Beynəlxalq Qars müqaviləsinin müddəalarının həyata keçirilməsi baxımından da ölkələrarası dəmir yolunun salınmasının böyük əhəmiyyəti vardır. Nəhayət, Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi regionda təcavüzkarlıq niyyətlərindən əl çəkmək istəməyən bədnam Ermənistana da cavabın ifadəsinə çevriləcəkdir. Ən nəhayət, həm Türkiyənin Qars-İqdır bölgəsinə, həm də Naxçıvan Muxtar Respublikasına turist axınının təmin edilməsinə Qars-İqdır-Naxçıvan dəmir yolu xətti mühüm töhfələr verəcəkdir.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında imzalanan sənəddə dəmir yolu xəttinin Qars-İqdırdan Sədərəyə və Naxçıvan-Culfaya qədər çəkilməsinin nəzərdə tutulması da mühüm əhəmiyyətə malikdir. Fikrimizcə, bu yolla ümumiyyətlə Bakı-Tbilisi-Qars dəmir yolu yeni bir magistral qazanmış olacaqdır. Belə ki, Qars-İqdır dəmir yolunun Sədərək-Naxçıvandan keçərək Culfaya çatdırılması Bakı-Tbilisi-Qars dəmir yolunun Culfa vasitəsilə İran İslam Respublikasının dəmir yoluna, Təbriz-Qəzvin-Məşhəd magistralına birləşdirilməsinə şərait yaradacaqdır. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolunun Asiyaya doğru yeni bir istiqaməti meydana çıxacaqdır. Avropa ilə Asiyanı əlaqələndirməkdə böyük imkanlara malik olan Bakı-Tbilisi-Qars dəmir yolu İqdır-Naxçıvan-Culfa xətti vasitəsilə İran İslam Respublikası üzərindən keçməklə Şərqə – Orta Asiyaya, oradan da Çin Xalq Respublikasına doğru yeni bir marşrut qazana biləcəkdir. Əksinə, Təbriz-Culfa-Naxçıvan-İqdır-Qars xətti ilə Bakı-Tbilisi-Qars dəmir yolunun Asiyadan Avropaya doğru daha qısa məsafəli bir imkan əldə etmək imkanları yaranacaqdır. Nəticədə Naxçıvanın inkişaf etdirilməsinə xidmət edəcək yeni dəmir yolu xətti region dövlətləri üçün də faydalı olacaqdır. Bu da Azərbaycan-Türkiyə strateji əməkdaşlığının dünya birliyi, region ölkələri üçün də faydalı olduğunu nümayiş etdirir.
Naxçıvan Muxtar Respublikasının ixrac potensialının genişləndirilməsi ilə əlaqədar razılaşma da Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu regionun inkişafı üçün əlavə imkanların yaradılması deməkdir. Bundan başqa, Türkiyənin İqdır bölgəsindən Naxçıvana qaz çəkilişi layihəsinə start verilməsi də Naxçıvanın sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyət kəsb edən hadisədir.
Ümumiyyətlə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında müzakirə üçün məsələlər, imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar və qəbul edilmiş qərarlar ölkələrarası münasibətlərin inkişafında yeni zirvələrin fəth olunması deməkdir. Bu hadisə Azərbaycan-Türkiyə əlaqələrinin dünya dövlətləri üçün nümunə olduğunu bir daha nümayiş etdirir. Strateji Əməkdaşlıq Şurasının qərarları Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının daim inkişaf etməkdə olduğunu, hər iki ölkənin inkişafı üçün fayda verdiyini, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın inkişaf etdirilməsinə yol açdığını aydın surətdə nəzərə çarpdırır. Bu isə bütövlükdə Azərbaycan-Türkiyə münasibətlərinin beynəlxalq birlik üçün də əhəmiyyətli olduğunu göstərir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında qəbul edilmiş qərarlar iki qardaş ölkənin gələcək inkişafına gur işıq salır.
İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik
“Azərbaycan” qəzeti, 29 fevral 2020-ci il