12/06/2020
İyunun 12-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, şura üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı şəxslər iştirak ediblər.
Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Akademik bir müddət öncə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlara əsasən, Azərbaycanda elmin inkişafına göstərdikləri xidmətlərə görə akademik Fikrət Əliyevin Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüyünü, akademik Yusif Məmmədovun 2-ci dərəcəli “Əmək” ordeni, akademik Adil Qəribovun və AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Şöhrət” ordeni ilə təltif olunduqlarını vurğulayıb.
Həmçinin onlayn iclasın iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin 22 may 2020-ci il tarixli Sərəncamı ilə akademik Nazim Məmmədovun, professor İmaməddin Əmiraslanovun, dosent Nadir Abdullayevin və Ziya Əliyevin həmmüəllifi olduqları “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusu Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilib.
Təltif olunan Bölmə üzvləri ölkəmizin rəhbəri, cənab İlham Əliyevə və AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə Azərbaycan elminə və alimlərimizə göstərdikləri diqqət və qayğıya görə xüsusi minnətdarlıqlarını bildiriblər.
Daha sonra Elmi şuranın sədri, akademik Rasim Əliquliyev AMEA-nın 10 iyun 2020-ci il tarixində keçirilən Ümumi Yığıncağının FRTEB qarşısında müəyyənləşdirdiyi vəzifələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, FRTEB-in elmi müəssisələri tərəfindən irəli sürülmüş bir sıra mühüm təkliflər Ümumi Yığıncaqda geniş müzakirə olunmuş və bu barədə qərarlar qəbul edilmişdir.
Onlayn iclasın gündəliyində yer alan növbəti məsələ Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə məqsədli elmi proqramların müzakirəsini özündə ehtiva edib. Elmi şuranın üzvləri FRTEB-in elmi tədqiqat müəssisələrinin məqsədli elmi proqramlarının AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsini qərara alıblar.
İclasda, həmçinin həlli vacib olan digər elmi-təşkilati məsələlərə də baxılıb. Belə ki, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası ilə bağlı Tədbirlər planı, həmçinin FRTEB-in elmi müəssisələrinin koronavirus pandemiyası və onunla əlaqədar problemlərə dair təklifləri onlayn iclasın iştirakçıları tərəfindən geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Bu ilin mart ayında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri çərçivəsində ikitərəfli əməkdaşlığı özündə ehtiva edən çoxsaylı sənədlərin imzalandığını xatırladan akademik Rasim Əliquliyev, “Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında qəbul edilən Anlaşma Memorandumu”ndan danışıb.
Məsələ ilə bağlı çıxış edən akademik Telman Əliyev qeyd edib ki, bu sənəd əsasında “Zəlzələnin başlanmasının seysmoakustik nois monitorinqi və onun ocağının zonası barədə xəbərdarlıq sistemi” adlı layihənin yerinə yetirilməsi nəzərdə tutulub. “Layihəyə əsasən, həm Türkmənistanda, həm də Azərbaycanda bir neçə seysmoakustik stansiya tikilməlidir. Bundan başqa, hər iki ölkənin stansiyalarında monitorinq mərkəzi və qərar qəbuletmə sistemi olmalıdır”, – deyə alim əlavə edib.
Daha sonra AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Qasımov “Hüceyrə Texnologiyalarının İnkişafı” proqramı haqqında onlayn iclasın iştirakçılarına ətraflı məlumat verib. FRTEB-in Elmi şurası AMEA-nın Rəyasət Heyəti qarşısında “Hüceyrə Texnologiyalarının İnkişafı” proqramı barədə müvafiq vəsatət qaldırılmasını qərara alıb.
Elmi şuranın üzvləri Fizika İnstitutunun böyük elmi işçisi Faiq Əhmədovun və elmi işçisi Nurlan Abbaslının Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə bağlanmış müqaviləyə əsasən orada apardıqları birgə elmi tədqiqatların davam etdiyini nəzərə alaraq, onların ezamiyyətinin bir il müddətinə uzadılması barədə AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıblar.
Onlayn iclasda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.