Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlərimizin xaricdə çıxışlarına mane olmağa çalışırlar


Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu cəbhədə bütün çətinliklərə baxmayaraq qətiyyətlə irəliləməkdə davam edir. Demək olar ki, hər gün ya strateji yüksəkliklər azad edilir, ya da işğal olunmuş kəndlərimiz geri qaytarılır. Bu da Azərbaycan xalqını çox ürəkdən sevindirir, böyük ruh yüksəkliyi yaradır.

Bu sözləri açıqlamasında AMEA-nın birinci vitse-prezidenti , akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, xalqımız sözün əsl mənasında prezidentimizin ətrafında bir yumruq kimi birləşib: “Ermənistanın saxta təbliğatına xalqımız qətiyyən inanmır. Çünki ermənilərin əsrlər boyu yalançı siması, söz verib yerinə yetirməməsi, ümumiyyətlə, əyriliyə, harama, təxribata meyilli olması bütün dünyaya bəllidir, Azərbaycan xalqı da bunu çox yaxşı bilir.

Azərbaycan ordusu sözün əsl mənasında dünyanın ən yaxşı ordularından biri kimi ikinci Qarabağ müharibəsində özünü sübut edir. Bu, cənab prezidentin illərdən bəri ölkəmizdə apardığı ordu quruculuğunun, ordu siyasətinin konkret əməli bəhrəsidir. Haqqında çox danışılan məsələlərdən biri də, təəssüf ki, Türkiyə faktorunun çox yanlış başa düşülməsidir. Ermənilər bunu diqqət mərkəzinə çəkib, istifadə etməyə çalışırlar. Amma Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibəti var.

Dünya da görür ki, Türkiyə Azərbaycana mənəvi-siyasi dəstək verir. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə öz arsenalı, öz hərbi gücü hesabına tapşırıqları yerinə yetirir. İşğal olunmuş ərazilərdə cənab prezidentin fərmanı ilə müvəqqəti idarəetmə orqanlarının, komendantlıqlarının yaradılması təqdirəlayiq hadisədir. Bu, Azərbaycanın de-fakto işğaldan azad olunmuş ərazilərə qayıtması, həm də yeni həyatın başlanması deməkdir. Adı sərəncamda çəkilən bir neçə dövlət strukturu artıq öz qurumlarını yaradır. Yəqin ki, tədricən digər qurumlar da Qarabağda öz strukturlarını formalaşdıracaq”.

İsa Həbibbəylinin sözlərinə görə, bizim üçün çox böyük şərəfdir ki, İranla sərhəd bölgəsində sərhəd qoşunlarımız Azərbaycan bayrağını qaldırıb: “Orada Azərbaycan gəncləri öz əsgəri xidmətlərini həyata keçirirlər. Ümumiyyətlə, Azərbaycan üçün müharibənin həlledici anı gəlib çatıb. Prezidentimizin qətiyyətli mövqeyi, qələbə əzmi, əsgərlərimizin döyüş bacarığı, komandanlarımızın müdrik və cəsarətli addımları Azərbaycan xalqının arzularına uyğun Xankəndində, Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanacağı günün çox da uzaqda olmadığını göstərir”.

O qeyd edib ki, alimlərimiz gündəlik olaraq araşdırmalar aparır, yerli media orqanlarına informativ xarakterli münasibətlərini bildirirlər: “Ermənilərin vandal, qaniçən, terrorçu olduğunu sübut etmək üçün əlimizdə kifayət qədər tarixi fakt və sübutlar var. Hüquq və İnsan Haqları İnstitutunda birinci Dağlıq Qarabağ müharibəsinin nəticəsi olaraq qaçqın və köçkünlərlə bağlı monitorinq qiymətləndirmələrinə aid kitablarımız çap olunub. Memarlıq və İncəsənət İnstitutu Dağlıq Qarabağda iğal olunmuş ərazilərdə mədəniyyət və tarixi memarlıq abidələrimiz olan, təcavüzü əks etdirən tədqiqat işləri hazırlayıb. Alimlərimizin məqalələri xarici dillərdə də çap olunur. Bu sahədə problemlərimiz də var. Xarici ölkə mətbuatı bizə həvəslə maraq göstərmir.

Amma imkan daxilində alimlərimiz çalışırlar ki, xarici ölkələrdə də bizim məqalələrimiz çıxsın, münasibətimiz bilinsin. Müharibə ilə bağlı həqiqətləri xarici dillərdə dünya mediasına çıxarmaq üçün səy göstərərkən həqiqətən də laqeyd münasibətə rast gəlirik. Bunun mühüm səbəbi ondan ibarətdir ki, dünyadakı media qurumlarının idarə heyətində, onların sahibləri arasında ermənilər, erməni əsillilər və ermənipərəstlər böyük bir şəbəkə ilə işləyirlər. Mümkün qədər alimlərimizin xaricdə öz obyektiv səsini deməyinə mane olmağa çalışırlar. Bu haqda konkret faktlara da malikik. Eyni zamanda burada başqa faktdan da söhbət gedir. Tərcümə ilə bağlı müəyyən çətinliklərlə qarşılaşırıq. Buna baxmayaraq mümkün olan bütün vasitələrdən istifadə edərək Azərbaycan haqqında, müasir dövr haqqında həqiqətlərin dünyaya çatdırılması üçün fəaliyyətimizi davam etdiririk”.

Deputat vurğulayıb ki, Azərbaycanda fəxr ediləsi vətənpərvər gənclik yetişir: “Döyüşə hazırlığımız və gənclərimizin vətənpərvərliyi ilə bu qələbə əmələ gəlir. Dövlətimizə sədaqət, vətənpərvərlik və yüksək döyüş hazırlığı – üçü birlikdə cəbhədə irəliləməyimizə böyük səbəb olur. Ali Baş Komandan İlham Əliyevin müsahibələrini, xalqa müraciətlərini izləyirəm. Cənab prezident sözün əsl mənasında həm siyasi-ideoloji cəbhədə, həm informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik sahəsində böyük məharət göstərirlər.

Gənclər, hətta uşaqlar belə cəbhəyə getmək istəyir. Müharibənin mənasını bilməyən, əsgərlik yaşına çatmayan hər kəsdə vətən naminə savaşmaq missiyası formalaşıb. Arxa cəbhədə mükəmməl, əsl azərbaycançı, dövlətinə, xalqına, prezidentinə, bayrağına sadiq yeni nəslin yetişdiyini görürəm”.

© Mənbə: www.science.az