Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ICESCO-nun Baş direktoru: Elmdə gender bərbərliyinin təmin edilməsi zamanın tələbidir


Qadın və qızların elmdə rolunun artırılması və bu sahədə gender bərabərliyinin təmin edilməsi zamanın tələbidir. İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) bu istiqamətdə göstərdiyi səyləri davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Beynəlxalq Kral Elm Akademiyasının (RASIT) təşkilatçılığı ilə keçirilən videokonfransda çıxışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik söyləyib. Onun sözlərinə görə, hazırkı pandemiya dövründə – elmin və təhsilin ciddi problemlərlə qarşılaşdığı bir şəraitdə BMT və beynəlxalq humanitar təşkilatlar bu məsələyə xüsusi diqqət yetirməlidir.

“Cəmiyyət naminə elmdə bərabərlik” mövzusunda keçirilən tədbirdə BMT-nin Baş katibi Antonio Quterreşin və RASIT-in icraçı direktoru, şahzadə Nəsrin Əl-Həşiminin yoxsul ölkələrdə qızların təhsilinə daha çox diqqət yetirilməsi ilə bağlı təkliflərini yüksək qiymətləndirən ICESCO-nun rəhbəri vurğulayıb ki, müsəlman ölkələrində bu sahədə qarşıda duran mühüm vəzifələrdən biri kişilərlə qadınlar arasında elm və texnologiyalar üzrə böyük fərqin aradan qaldırılmasıdır. Pandemiya dövründə zərif cinsin nümayəndələrinin 50 faizi təhsil sahəsində işini itirib.

ICESCO-nun Baş direktoru təklif edib ki, müasir dövrdə İslam dünyasında gənc qadın həkim kadrlarının və tibb sahəsində alimlərin hazırlanması böyük əhəmiyyətə malikdir. Bu kontekstdə müsəlman ölkələrindəki universitetlərin üzərinə böyük vəzifələr düşür. ICESCO-nun “Qadınlar gələcəkdə” şüarı altında elan etdiyi “Qadın ili” tədbirləri çərçivəsində ali təhsil müəssisələri ilə bu problemin həlli yolları geniş müzakirə olunacaq.

Salim bin Məhəmməd əl-Malik diqqətə çatdırıb ki, onun rəhbərlik etdiyi təşkilat “Üzv ölkələrdə elmdə fərqlənən qadın və qızlar” adlı həvəsləndirici mükafat da təsis edəcək.

Faydalı linklər