05/03/2021
Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Bu gün Azərbaycan qadınları həyatımızın bütün sahələrində, istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahələrində uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının təsdiqidir. Qadınlar elm sahəsində aktiv iştirak edir, çalışdıqları strukturlarda öz töhfələrini verirlər. Hazırda institutların və böyük elmi-tədqiqat qruplarının rəhbəri kimi alim qadınlara dünyada çox yerdə rast gəlmək mümkündür, ixtiraçı-qadınlar, mühəndis-qadınlar, müxtəlif “ilklər”ə imza atan qadınlar həyatımızı sürətlə dəyişməkdədirlər.
Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Bu əlamətdar gün münasibəti ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının sədri dosent İradə Mirzəzadə xanım əməkdaşlarını ürək sözləri ilə təbrik edib, onlara respublikanın ictimai həyatında, o cümlədən AMEA –dakı fəaliyyətlərində yeni uğurlar arzulayıb. Daha sonra xanımlara hədiyyələr təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.