Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

27 mart – Azərbaycanda Elm Günüdür


Dünya Elm Günü YUNESKO-nun qərarı ilə təsis edilib. 2001-ci ildə YUNESKO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan edib.

İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır. Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir.

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu tarix elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. Ölkəmizdə Elm Günü, eyni zamanda, AMEA-nın yaradıldığı günə təsadüf edir.

Bu gün dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da bu bayram böyük qürur hissi ilə keçirilir. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Bu gün respublikamızda elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib.

Ulu öndər AMEA-nın keçdiyi şərəfli yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.

Son illər AMEA-da elmin inkişaf etdirilməsi ilə bağlı geniş imkanlar yaradılıb, elmi müəssisə və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Bu da dünyanın nüfuzlu akademik qurumları ilə əməkdaşlığın təşkilinə, beynəlxalq əlaqələrin daha da genişləndirilməsinə şərait yaradıb. Bu gün AMEA ölkə rəhbərinin elm sahəsində sərəncam və fərmanlarını rəhbər tutaraq yeni istiqamətdə inkişaf edir. Akademiyada elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elmi müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, alim və mütəxəssislərin əldə etdikləri mühüm nəticələrin dünyanın nüfuzlu jurnallarında işıq üzü görməsi məqsədilə ciddi tədbirlər həyata keçirilir.

 

Kəşfləri ilə dünya elminə öz töhvələrini vermis azərbaycanlı alimlər.

Nəsirəddin Tusi – (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi) – Fars və ya azərbaycanlı filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Marağada yaşamış və fəaliyyət göstərmişdir. Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il cümə günü 17 fevralda Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sinavə Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.

Yusif Məmmədəliyev, Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”ndən tutmuş SSRİ-də istehsalınadək bir çox böyük layihələrdə onun əməyi var.

Lütfi Zadə, Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professorudur. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır:  təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”. Hazırda əsərlərinə ən çox istinad edilən alimdir. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.

Kərim Kərimov, Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə elmə həsr edib. O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. “Baykonur“ kosmodromu və NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox minnətdardır.

Xudu Məmmədov, Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika, bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.

Rafiq Əliyev, Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat, süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:

  • AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması
  • Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması
  • Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi
  • ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər