Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

1918-ci il 31 mart soyqırımı


Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və digər Azərbaycan məhəllələrinə hücum etdilər. S.Şaumyanın göstərişi ilə 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədə pulemyotlar qoyulmuşdu.

Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan fövqəladə istintaq komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: Nikolay (indiki İstiqlaliyyət) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər.

Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər.

Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox, Şamaxıda 7 min, Qubada 2 min, Şamaxı, Göyçay və Ərəş qəzalarında 3 min, Şərurda, Naxçıvanda 3 min, Zəngəzurda 7700 nəfər azərbaycanlı qətlə yetirilmişdi. Bu Soyqırım nəticəsində 30 mindən çox günahsız insan həlak oldu. Bolşevik daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.     1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara,100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, – onların da mənfur adları orada göstərilir, – Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansıfəlakətlərlə üz-üzə qalmışdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər