Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ermənistan revanşizmdən, terrorizm üsullarından əl çəkməlidir


Beynəlxalq səviyyədə getdikcə böyük nüfuz qazanan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə bir çox mühüm məsələlərə toxunulub. Prezident İlham Əliyevin həmin müzakirələrdə diqqətə yönəltdiyi bir neçə məqam barədə fikirlərimi bölüşmək istərdim.

Əvvəlcə onu deyim ki, dövlətimizin başçısı müzakirələrdə Azərbaycanın uzun illər ərzində öz ərazi bütöv­lüyünün bərpası, işğal altındakı torpaqlarının azad edilməsi və bir milyondan çox məcburi köçkünün geri qaytarılması istiqamətində mübarizə apardığını və 44 günlük haqq sa­vaşında bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə əsasən reallaşdırdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev daha sonra “Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaş­malıdır. Bu, ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bu gün Ermənistan cəmiyyətində revanşist meyillər və Azərbaycanofobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalı­yıq. Biz artıq təklif etmişik, dəfələrlə demişəm ki, biz Ermənistanla sülh sa­zişi imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir”, – deyə vurğuladı.

Dövlətimizin başçısı müzakirələrdə Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən ötən il noyabr ayının 10-da imzalanan bəyanatdan sonra bir çox addımlar atıldığı­nı da videoformat iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev, həmçinin respublikamı­zın Ermənistanla əməkdaşlığa mühüm önəm verdiyini bildirdi, Azərbaycanın bu istiqamətdə qarşı tərəfə nümunə göstərdiyini, huma­nitar sahədə humanist addımlar ataraq müharibədən sonra münaqişə zonasında qalan Ermənistan vətəndaşlarının vətənlərinə göndərildiyini vurğuladı.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, təəssüf ki, ötən müddət ərzində bu məsələ ilə bağlı Ermənistan tərəfindən uyğun addımlar atılmır, başqa sözlə, təşəbbüslər göstərilmir. Məsələn, müharibə bitəndən sonra Ermənistan minaladığı ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur.

Yeri gəlmişkən, otuz illik işğal dövründə və müharibə zamanı ərazilərimizi total şəkildə minala­yan Ermənistanın həmin ərazilərin xəritələrini təqdim etməməsi, bu ölkənin Azərbaycan tərəfinin daha çox insan itkiləri verməsinə çalışması, müharibəni bu üsulla davam etdirməsi, bütövlükdə bu fəaliyyət erməni faşizminin növbəti təzahürüdür. Təcavüzkar ölkə minala­dığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir. Ermənistan revanşizmdən, terrorizm üsullarından əl çəkməli, Azərbaycanla konstruktiv əməkdaşlığı öyrənməlidir.

Fikrimcə, bu məsələdə işğalçı ölkənin məqsədi aydındır: Ermənistan Azərbaycan dövləti və dinc əhali üçün minalama ilə bağlı problem yaradır. Odur ki, bu ölkə minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir. Aparıcı Qərb dövlətləri, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onla­rın Azərbaycandakı nümayəndələri bu məsələyə diqqəti daha çox yönəltməlidirlər.

Dövlətimizin başçısı müzakirələrdə Azərbaycanın Ermənistana yönələn humanist möv­qeyi ilə bağlı digər bir məqamı da xa­tırlatdı: “Biz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə vermi­şik. Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər…”.

Prezident İlham Əliyev müzakirələrdə Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin açılması layihəsinin təklif edildiyini xatırlada­raq, bu prosesin hazırda çətin həyata keçirildiyini, amma buna baxmaya­raq, artıq icrasına başlanıldığını da vurğuladı.

Emin BAĞIROV,

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,

mexanika üzrə fəlsəfə doktoru

xalqqazeti.com

Faydalı linklər