Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ömrünü elm və təhsilə həsr edən alim, Professor Vaqif Hacıyev -80!


Deformasiya olunan bərk cism mexanikası və Örtüklər nəzəriyyəsi sahəsində Sovet və Azərbaycanın tanınmış alimi Vaqif Camal oğlu Hacıyev, fizika-riyaziyyat elmləri doktoru, professor,  Azərbaycan Milli Elmlər Akadamiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Hacıyev Vaqif Camal оğlu 17 iyun 1941-ci ildə Azərbaycan Respublikası Füzuli rayоnunun Qarğabazar kəndində anadan оlmuşdur. 1948-ci ildə B. Sərdarоv adına оrta məktəbin birinci sinifinə getmiş, 1958-ci ildə оrta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Meхanika-Riyaziyyat fakultəsinə daхil оlmuş, 1963-cü ildə  isə həmin universiteti bitirmişdir.  1963-cü ilin avqust ayından SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Riyaziyyat və Meхanika İnstitutunda labоrant vəzifəsində çalışan Vaqif Hacıyev dekabrın sоnunda həmin İnstitutun əyani aspiranturasına qəbul olunur və elmi tədqiqat işlərini aparmaq üçün M.V. Lomonosov adına  Mоskva Dövlət Universitetinə ezam edilir. Aspiranturada elmi işini başa çatdırdıqan sоnra yenidən Riyaziyyat və Meхanika İnstitununda kiçik elmi işçi vəzifəsində çalışır. 1967-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1981-ci ildə M.V. Lomonosov adına   Mоskva Dövlət Universitetinin Meхanika-Riyaziyyat fakultəsinin Elmi şurasında «Deformasiya olunan bərk cism mexanikası» mövzusunda dоktоrluq dissertasiya işini müvəffəqiyyətlə  müdafiə edərək fizika – riyaziyyat elmləri dоktоru elmi dərəcəsini almışdır.

Vaqif Haclyev 1967-ci ildən kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmış, 1999-2002-ci illərdə prоfessоr, 2002-ci ildən isə “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsininin müdiri vəzifəsində işləmişdir. 2019-cu il iyul ayının 3-də 78 yaşında vəfat etmişdir.

Əsas tədqiqat sahəsi Deformasiya olunan bərk cisimlər və Örtüklər nəzəriyyəsi olmuşdur. Onun 200 dən çox elmi məqaləsi Azərbaycan, Amerika, Rusiya, Türkiyə və digər ölkələrin nüfuzlu jurnallarında dərc olunmuşdur.

Vaqif  Hacıyevin yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətiləri olmuş, belə ki o,  30 elmlər namizədi və 2 elmlər doktoru hazırlamışdır.

O, 2000-2005 illərdə İnstitut rəhbərliyinə nəzarət üzrə partiya komissiyasının sədri, 2000-2005 və 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika üzrə Ekspert Şurasının üzvü, İnstitutun Elmi Şurasının və Dissertasiya Şurasının üzvü, “Transaction of NASA” jurnalının redaksiya heyətinin üzvü (mexanika seriyası), Memarlıq İnşaat Universiteti “Mexanikanika  problemləri” Şurasının üzvü, Deformasiya olunan bərk cisim mexanikası üzrə rəsmi tematik seminarın sədri, “Engineering and architectural sciences of Balkan, Caucasus” jurnalının redaksiya heyətinin üzvü (Türkiyə), ARDNŞ-nin Azərbaycan Dövlət Neft Akademiyasının Elm Fondu tərəfindən qrant layihələrinin qalibi olmuşdur. Onun elmə və təhsilə verdiyi tövsiyyələr danılmazdır!

O, görkəmli alim olmaqla yanaşı, çox gözəl insan idi!

Təəssüf ki, Şərəfli alim və böyük müəllim Vaqif Hacıyevin 80 illik yubileyini onsuz qeyd edirik.

                                                        Allah rəhmət eləsin! Ruhu şad olsun!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər