04/10/2021
Oktyabrın 3-də tanınmış alim, Azərbaycanın və Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Misir Mərdanovun 75 yaşı tamam olur.
Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Yusif Məmmədov diqqətə çatdırıb ki, Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistan Respublikasının Göyərçin kəndində anadan olub.
1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universtiteti) Mexanika-riyaziyyat fakültəsini bitirən alim əmək fəaliyyətinə Gəncə Dövlət Pedaqoji İnstitutunda başlayıb.
Misir Mərdanov 1973-cü ildə fəlsəfə doktoru, 1989-cu ildə elmlər doktoru elmi dərəcəsini, 1981-ci ildə dosent elmi adını alıb. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
O, 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 2021-ci ildən baş direktorudur.
Akademik Yusif Məmmədovun sözlərinə görə, yubilyarın elmi tədqiqatları adi, xüsusi törəməli, gecikən arqumentli diferensial tənliklər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zəruri şərtlərin alınmasına həsr edilib. O, geniş sinif müxtəlif məhdudiyyətləri olan optimal idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işləyib.
Həmçinin gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edib, diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil edib, daha səmərəli metod işləyib, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər alıb.
Bundan başqa, Misir Mərdanov idarəedici funksiyalarda gecikmə olan proseslərdə ilk dəfə optimallıq üçün Kelli, Koop-Mayer və bərabərlik tipli zəruri şərtlər ardıcıllığı, diskret tənliklərlə təsvir olunan idarəetmə məsələləri üçün yeni optimallıq şərtləri, Pontryaginin maksimum prinsipinin yeni diskret analoqonu və ikinci tərtib çoxnöqtəli zəruri şərtlər alıb. Eyni zamanda funksionalın sıfırıncı, birinci və ikinci tərtib variasiya anlayışlarını yeni formada verərək daha güclü və konstruktiv optimallıq şərtləri, həmçinin klassik variasiya məsələlərində güclü exstremum üçün yeni zəruri və kafi şərtlər isbat edib.
Elmi şuranın sədr müavini diqqətə çatdırıb ki, görkəmli alim Misir Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademiki, həmçinin Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, “Azerbaijan journal of Mathematics” və “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnallarının baş redaktoru, “TWMS Journal of Pure and Applied Mathematics” və “Çebışevski sbornik” (Чебышевский сборник) jurnallarının beynəlxalq redaksiya heyətinin üzvüdür.
150 elmi əsərin, 5 monoqrafiya, 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalə, “Azərbaycan təhsil tarixi” dördcildliyi, “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” çoxcildliyi, həmçinin təhsillə bağlı 10 kitab və 120 məqalənin müəllifidir. Rəhbərliyi ilə 2 elmlər doktoru və 7 fəlsəfə doktoru hazırlanıb.
Onlayn tədbirdə çıxış edən FRTEB-in həqiqi və müxbir üzvləri Misir Mərdanovun elmi və elmi-təşkilati, pedaqoji fəaliyyətini yüksək dəyərləndiriblər. Yubilyara səmimi təbriklərini və xoş arzularını çatdırıblar.
Sonra FRTEB-in Ümumi yığıncağı Misir Mərdanovun 75 illik yubileyinin keçirilməsi barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması üçün müvafiq qərar qəbul edib.
AMEA-nın müxbir üzvü, tanınmış alim Misir Mərdanovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni uğurlar arzulayırıq.
© Mənbə: frteb.science.gov.az