13/04/2022
2022-ci il aprelin 13-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, Əməkdar elm xadimi, Əməkdar müəllim, AMEA-nın müxbir üzvü, görkəmli şəxsiyyət Maqsud Cavadovun məzarını ziyarət etdilər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanov qeyd edib ki, Azərbaycanda müasir riyaziyyat elminin və riyazi təhsilin yaranmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərmiş Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, müəllimlər müəllimi, professor Maqsud Cavadovdur.
Maqsud Cavadov Respublikada riyaziyyat tədrisi metodikasının bir elm kimi inkişafında böyük xidmətləri olmuşdur. Ali məktəbdə çalışsa da, elmi-pedaqoji fəaliyyətinin böyük bir hissəsi orta məktəblə bağlı olmuş, 20 -yə yaxın kitabın, 80-dən çox elmi-metodik məqalənin müəllifi olub. Azərbaycan Dövlət Universitetində işlədiyi illər ərzində Maqsud müəllimin analitik həndəsə, diferensial həndəsə və həndəsənin əsasları fənnlərindən böyük pedaqoji ustalıqla dediyi mühazirələr indinin özündə də tələbələri tərəfindən xatırlanır və yüksək qiymətləndirilir. Qeyd edib ki, Maqsud Cavadovun Azərbaycanda riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında və ali məktəblərdə riyaziyyatın tədrisində, Azərbaycan dilində riyazi terminlərin yaradılmasında və formalaşmasında da böyük xidmətləri olmuşdur. O, 30 ildən artıq müddətdə Maarif Nazirliyinin Elmi Metodik Şurasının riyaziyyat bölməsinə rəhbərlik etmişdir.
Professor Misir Mərdanov vurğulayıb ki, Maqsud Cavadov dünya şöhrəti qazanmış görkəmli alim Nəsirəddin Tusidən sonra həndəsə sahəsində Azərbaycan xalqının yetirdiyi ikinci böyük alim idi. O, 1957-ci ildə Kazan Dövlət Universitetində “Cəbrlər üzərində qurulan həndəsələr” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Maqsud müəllim gənc elmi kadrların hazırlanmasına ciddi səy və diqqət göstərirdi. Respublikamızda və respublikadan kənarda gənc alimlər onun işlərini müvəffəqiyyətlə davam etdirirdilər. Azərbaycan riyaziyyatçılarının böyük bir qrupu bilavasitə onun rəhbərliyi ilə dissertasiya müdafiə edərək alimlik dərəcəsini almışlar.
Elmi sessiyada Bakı Dövlət Universitetinin “Cəbr və Həndəsə” kafedrasının müdiri f.r.e.d, professor Arif Səlimov, Bakı Dövlət nəznində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev, AMEA Riyaziyyat və Mexanika İnstitutun f.r.e.d, professor Nadir Suleymanov öz çıxışlarında Maqsud Cavadovun həyat və yaradıcılıq yoluna geniş nəzər salaraq, görkəmli alimin yaradıcılığından, pedaqoji fəaliyyətindən, Azərbaycanda riyaziyyata və təhsilə verdiyi töhfələrdən bəhs ediblər, həmçinin onun xarakteri, bir şəxsiyyət kimi ali və müsbət keyfiyyətləri, həyatından bəzi məqamları auditoriyanın nəzərinə çatdırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.