Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə dövlətçilik təsisatlarının yaradılması istiqamətində çox böyük işlər görmüşdür ki, onlardan biri də ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlərdir.

Belə ki, Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verild, hərbi məktəblər açıldı. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Gənc Azərbaycan ordusu o dövrün mürəkkəb geosiyasi şərtləri altında ölkənin ərazi bütövlüyünü çoxsaylı düşmənlərə qarşı ləyaqətlə qorudu. Lakin ADR süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən müstəqillik qazanan  Azərbaycanda  o dövürdəki rəhbərliyin səriştəsizliyi ucbatından ordu quruculuğu prosesi kifayət qədər ləngidi  və respublika  son nəticədə Qarabağ və ətraf rayonlara göz dikmiş təcavüzkar Ermənistan qarşısında  böyük torpaq itkilərinə məruz qaldı. Lakin  1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı.

Ümumilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamış,  20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Demokratik Respublikası dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

İndiki dövrdə, Möhtərəm Prezidentimiz cənab İlhan Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri  ən üstün texnologiyaya malik silah sistemləri ilə tam təchiz olunub.  Ordu mütamadi manevrlər keçirir, zabit korpusunun peşəkar vərdişləri daim artırılır və beynəlxalq  əlaqələri genişlənir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə istənilən müstəvidə – quruda, havada və dənizdə effektiv mübarizə aparmaq iqtidarındadır.  Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan nəinki regionda, hətta dünyada  ən güclü xüsusi təyinatlı qüvvələrə malik olan  ölkələrdən sayılır.

Hazırda 26 İyun – Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və daha qürurla keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz düşməni məhv edərək torpaqlarımızı işğaldan azad edib. Ordumuzun təkçə Şuşa əməliyyatı dünya hərb tarixinə və dərsliklərinə düşən əzamətli döyüşlərdəndir.

Beləliklə, məhz şanlı ordumuz sayəsində biz bu günü  qəhrəman xalqın  Müzəffər Ordu Günü kimi qeyd edirik.

    Eşq olsun Azərbaycan Ordusuna! 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər