21/01/2015
Yanvarın 21-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Kiçik ölçülü sistemlərdə hidromexanika nəzəriyyəsi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri, f-r.e.d, prof. Qabil Əliyev məruzə edib.
Tədqiqat riyazi fizikanın bir qeyri klassik probleminin həll olunması ilə əlaqədardır. Tədqiqatın məqsədi, bərk cisimlə maye arasında olan fiziki sahənin təsiri nəzərə alınmaqla, kiçik ölçülü sistemlərdə mayenin hidromexanika nəzəriyyəsini yaratmaqdan ibarətdir. Xüsusi halda, sərhəddə fiziki sahənin təsəri funksiyasını nəzərə almaqla, nanohidromexanikanın nəzəri əsaslarının işlənilməsidir.
Tədqiqatın əsas problemləri aşağıdakılardan ibarətdir:
– kiçik ölçülü sistemlərdə bərk cisimlə maye arasındakı sərhəd fiziki təsirinin (elektron sahənin) mexanizminin açılması,
– sərhəddə fiziki sahənin təsiri funksiyasından asılı olaraq mayenin mexaniki xassələrinin (sıxlığının və özlülüyünün) dəyişmə qanuna uyğunluqlarının təyini,
– sərhəddə fiziki sahənin təsiri altında kiçik ölçülü sistemlərdə bircins mayenin qeyri bircins mayeyə çevrilməsi mexanizminin açılması,
– kiçik ölçülü sistemlərdə sərhəddə fiziki sahənin (elektron sahənin) təsiri faktorunu nəzərə almaqla, ideal və özlü mayenin hidromexanikasını təyin edən tənliklərin qurulması,
– konkret məsələlərdə, kiçik ölçülü sistemlərdə mayenin hidromexanikasına sərhəddə sahənin keyfiyyətcə və kəmiyyətcə təsirinin göstərilməsi və həmçinin Bernulli tənliyinin ümumiləşdirilməsi. Yaradılan nəzəriyə nanohidromexanikanın problemlərində, xüsusi olaraq, qaz və maye təmizləyici filtrlərin düzəldilməsində və tibbdə membranlı, damarlı oblastlarda biokimyəvi proseslərdə öz praktiki tətbiqini tapacaqdır.