Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ömrünü elmə həsr etmiş alim…


Akif m PortretGörkəmli Azərbaycan riyaziyyatçısı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev fevralın 3-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1960-cı ildə universiteti bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilmişdir. İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi, şöbə müdiri və direktor vəzifələrində çalışmışdır.

1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında “Bəzi operatorlar ailələrinin yaxınlaşma xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1964-74-cü illərdə A.Hacıyevin əldə etdiyi nəticələr qeyri-məhdud çoxluqlarda kəsilməz funksiyalar fəzasında təyin olunmuş xətti müsbət operatorlar ardıcıllıqlarının çəkili normalarda yığılması və belə funksiyalara yaxınlaşması istiqamətinin yaranmasında mühüm rol oynayıb. Bu nəticələrin müəllifi kimi o, dünyanın qabaqcıl riyaziyyatçıları arasında öz layiqli yerini tutmuşdur.

1982-ci ildə Moskvada, SSRİ Elmlər Akademiyasının V.Steklov adına Riyaziyyat İnstitutunun Müdafiə Şurasında Akif Hacıyev “Çoxölçülü bürümə tipli operatorlar nəzəriyyəsi üzrə tədqiqatlar” adlı doktorluq dissertasiyasını  müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Yeri gəlmişkən, xüsusi qeyd etmək lazımdır ki, Akif Hacıyev dünya riyaziyyat elminə böyük töhfələr vermiş – Rusiyanın Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edən üçüncü azərbaycanlı alim olmuşdur.

Akif Hacıyev 1985-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə “Riyazi analiz” ixtisası üzrə professor elmi adına layiq görülmüş, 1985-1989-cu illərdə SSRİ AAK-nın qərarına əsasən Tbilisi Dövlət Universiteti nəzdində regional doktorluq şurasının üzvü təyin olunmuşdur.

1965-1992-ci illərdə Azərbaycan Dövlət Universitetində, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olumuşdur. 1992-1998-ci illərdə Türkiyənin Ankara Universitetinin riyaziyyat üzrə professor olmuş, 1999-cu ildən ömrünün sonunadək əvəzçiliklə Milli Aviasiya Akademiyasının Riyaziyyat və Mexanika kafedrasının müdiri vəzifəsində çalışmışdır.

1989-cu ildə prof. Akif Hacıyev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, həmin ilin iyul ayından  ömrünün sonunadək akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi olmuşdur. Akif Hacıyev 2002-2005-ci illərdə Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” ixtisasları üzrə ekspert komissiyasının sədri , 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat və mexanika ixtisasları üzrə doktorluq müdafiə şurasının sədri olmuşdur.  O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur.

Akademik Akif Hacıyev “Əməkdə fərqlənməyə görə” və  “Əmək veteranı” medalları , 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanına əsasən Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2005-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Akademik Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

İndiyə qədər 210-dan artıq elmi əsər və monoqrafiyanın müəllifidir, onlardan 80-dən çoxu xaricdə tanınmış elmi jurnallarda nəşr edilmişdir. 4 kitab müəllifidir.

Ömrünü elmə həsr etmiş alim və eyni zamanda səmimi, demokratik, təvazökar insan olan prof. Akif Hacıyev onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Faydalı linklər