Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə görüş keçirildi


Riyaziyyat və Mexanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının və 129 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “kiçik akademiya” rəhbərləri ilə instututun baş direktoru AMEA – nın müxbir üzvü, professor Misir Mərdanovla görüş keçirildi. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Əzizova gələn qonaqları salamlayaraq görüşün mahiyyəti və gələcək faydaları barəsində məlumat verdi. Daha sonra söz AMEA – nın müxbir üzvü, professor Misir Mərdanova verildi. Görüşdə professor elm və təhsilin inteqrasiyası, mövcud şəraitdə şagirdlərin uğurlar qazanması, gənc alimlərlə şagirdlərin birgə işləməsi, fikir mübadiləsi aparması barədə tövsiyyələrini verdi.

Daha sonra institutun şöbə müdiri f.r.e.n. Əbdürrəhim Quliyev dünya olimpiadasının tarixi, dünya riyaziyyat olimpiadası haqqında şagirdlərə qısa məlumat verdi. Həmçinin natiq riyaziyyat sahəsində istedadlı şagirdlərin seçilməsi və dünya riyaziyyat olimpiadasına hazırlanması barəsində müəllimlərə və şagirdlərə öz tövsiyyələrini bildirdi.

Həmçinin, görüşdə məktəbin kiçik akademiyasının üzvlərinin il ərzində gördüyü işlər haqqında hesabatı dinlənildi. Şagirdlər əldə etdikləri uğurların bir qismini təqdimat şəklində instututun alimlərinə və digər iştirakçılara nümayiş etdirdilər.

Əldə olunan nəticələr mütəxəssislər tərəfindən müzakirə edildi və qənaətbəxş hesab olundu. Bu barədə şagirdlərə bir sıra tövsiyyələr verildi və gələcək işlərində onlara uğurlar arzulandı.

Həmçinin, görüşdə iştirak edən digər məktəblərin kiçik akademiya rəhbərləri gördükləri işlər haqqında məlumat verdilər, mütəxəssislərlə əldə edilən uğurlar və bir sıra çətinliklər barədə fikir mübadiləsi apardılar.

Sonda çıxış edən Bakı şəhər təhsil idarəsinin baş mütəxəssisi Sevinc Əzizova məktəblərdə kiçik akademiyalarla aparılan işlər barəsində məruzə etdi.

Görüşdə, institutun alimləri ilə şagirdlər arasında mütəmadi görüşlərin təşkil olunması, şagirdlərin əldə etdikləri uğurlara davamlı dəstəyin verilməsi, təqdim olunan işlərin daha böyük uğurlar qazanması üçün fikir mübadilələrinin aparılmasının vacibliyi vurğulanaraq institutla məktəb arasında memorandum imzalanması məqsədə uyğun hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər