16/01/2023
Gələn ay ABŞ məhkəmələrindən birində keçiriləcək məhkəmə dinlənilməsi çərçivəsində günahlandırılan şəxs yol hərəkəti qaydalarının pozulması səbəbilə təyin edilmiş cərimənin ləğv edilməsinə cəhd göstərəcək. Bu məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, bu yolda ona süni zəka sistemi kömək edəcək. Bu layihə barəsində məlumatı DoNotPay adlı şirkətin rəhbəri Joshua Browder təqdim edib. Onun sözlərinə əsasən söhbət, süni zəka alqoritmləri vasitəsilə çalışan mobil tətbiqdən gedir. Sözügedən mobil tətbiq məhkəmə tərəfindən irəli sürülən arqumentləri dinləyir və günahlandırılan şəxsə real zaman ərzində qulaqlıq vasitəsilə nəyin demək lazım olduğunu söyləyir.
DoNotPay şirkəti süni zəka sisteminin iştirakı ilə hüquqi işlərdə çalışmaq məsələsində artıq təcrübəyə sahibdir. DoNotPay artıq bəzi vençur şirkətlərdən ümumilikdə 27.7 milyon dollar investisiya da əldə edib. İndi isə şirkət real məhkəmə prosesində iştirak etmək qərarına gəlib. Gələn ay baş tutacaq məhkəmə prosesindəki günahkar bilinən şəxsin adı məlumatlarda qeyd edilməyib. Lakin DoNotPay bildirib ki, əgər onlar məhkəməni uduzsalar, şirkət həmin şəxsin cəriməsini tam şəkildə ödəyəcək. ABŞ-ın bəzi məhkəmələrində dindirilən şəxslərin naqilsiz qulaqlıqlardan istifadə etməsinə icazə verilir və bu tamamilə qanunidir.
Faktiki olaraq şirkətin əsas missiyası adi insanları qorumaqdan ibarətdir. DoNotPay adi insanları yalnız böyük şirkətlərin sahib olduqları alətlər ilə təmin etmək istəyir. Bundan əlavə olaraq şirkət süni zəka əsaslı ChatGPT çat-botunu rəqib kimi görmür. “ChatGPT insanlarla söhbəti yaxşı şəkildə apara bilir. Lakin o, qanunları o qədər də yaxşı bilmir. Biz, süni zəka alqoritmlərini elə təlimatlandırmışıq ki, onlar qanunları bilsinlər” – deyə Joshua Browder qeyd edib. Sözügedən texnologiyanın hüquqi məsələlərdə istifadəsi maraqlı görünsə də, hüquqşünaslar cəmiyyəti buna tamamilə qarşı çıxır.
technote.az