Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

27 yanvar – Beynəlxalq İnternetsiz Gün


Məlum olduğu kimi, bayram tarixləri sırasında “İnternet günü” ilə yanaşı “Beynəlxalq İnternetsiz gün” adlı qeyri-adi bir bayram da mövcuddur.
Bu bayram dünyada hər il yanvar ayının sonuncu bazar günü qeyd olunur. Əsas məqsəd cəmi bir gün də olsa insanların fikrini kompüter və qlobal şəbəkədən yayındırmaq, istisna olaraq bu günü tamamilə real dünyada yaşamaqdır.

Böyük Britaniyanın sosial ixtiralar institutunun təsisçisi olduğu bu bayram 2000-ci illərin əvvəllərindən etibarən keçirilməyə başlayıb. Təbii ki, o vaxtdan bəri qlobal şəbəkə dünyasında əhəmiyyətli dəyişiklilər baş vermişdir. Həmin dövrlərdə İnternet-istifadəçilərin sayı az idi və onları qlobal şəbəkədən “qoparmaq” daha asan idi. Lakin son 10 ildə onların sayı 5 dəfə artaraq 3 milyarda çatmış, İnternet həyatın bütün sferalarına sürətlə nüfuz etmişdir. Dünyanın müxtəlif ölkələrində “Beynəlxalq İnternetsiz gün”də keçirilən illik tədbirlər ondan xəbər verir ki, bu mövzu illər keçdikcə daha da aktuallaşır. Bu aksiyaların təşkilatçıları bildirirlər ki, onlar ümumdünya şəbəkəsi ilə mübarizə aparmır və interneti lazımsız hesab etmirlər. Onlar sadəcə yenidən insanların, ilk növbədə gənclərin diqqətini ona yönəltmək istəyirlər ki, real dünya çox maraqlı və əyləncəlidir.

Bir çox ölkələrdə qeyd olunan bu günün təsisçiləri bütün dünyanın internet istifadəçilərini ilin, heç olmasa, bir gününü doğmaları ilə keçirməyə, öz sevimli məşğuliyyətlərinə həsr etməyə, muzeyə və ya sərgiyə getməyə çağırır.

Ölkəmizə gəlincə, bu gün Azərbaycanda əhalinin 73%-i internet, 55%-i isə  genişzolaqlı xidmət istifadəçisidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Bundan başqa,  ötən  illərlə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb ki, bu, ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər