Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 102 yaşı tamam olur


Lütfi Zadə kimi tanıdığımız azərbaycanlı alimin əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadədir. O, 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olub.

O, ilk təhsilini Bakıdakı 16 nömrəli məktəbdə alıb. 10 yaşında ikən ailəsi ilə birlikdə Tehrana köçüb. 10 yaşlı Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. O, Tehranda təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı 1944-cü ildən başlayır. Tehran Universitetini  böyük uğurla başa vurduqdan sonra o, ABŞ-a gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə ata-anasını da yanına gətirən alim bu vaxt Kolumbiya Universitetində çalışırdı.  1948- ci ildə bu universitetdə elektrik  mühəndisliyi  üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

Alim 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.  Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar.  Bu nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur.

Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada istifadə olunur.  Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompyuter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.
Həmçinin Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır.
Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.
Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edirdi. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi.

Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında vəfat edib. Dünya şöhrətli alim Bakıda Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər