Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri bir də belə tanıyaq!


Elə sənətkarlar olub ki, nə vaxtsa büllur ayna kimi parlamış əsərləri dövr keçdikcə əvvəlki parlaqlığını itirmiş, zaman onların üstünü örtmüşdür. Lakin elələri də var ki, illər qərinələr, əsrlər keçsə belə, həmişəyaşar olaraq qəlbimizə həkk olunmuşdur… Belə sənət, söz-saz ustadlarından biri də, nəğməkar xalq şairimiz Səməd Vurğundur. Hamımız onu Səməd Vurğun kimi tanısaq da soyadı Vəkilov idi. Vurğun soyadını daşıması onun dillərə dastan olmuş sevgisi ilə əlaqəlidi…

Ürəkdən gələn lirik, axıcı şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri ilə ədəbiyyatımızın xəzinəsinə daxil olmuş və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət qazanmış bu şairin şeirini balacadan-böyüyə, alimdən tutmuş əyalətdə yaşayan adi bir kəndliyə qədər  elə bir insan tapılmaz ki, əzbər bilməsin. Nə hər şairə, nə də ki, hər şeirə belə tale nəsib olmur. Yəqin ki, söhbətin şairin  “Azərbaycan” şeirindən getdiyini,  dərhal duydunuz…

Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə, Novruz bayramı günü, martın 21-də  dünyaya göz açan Səməd Vurğunun atası gözəl saz ifaçısı olmuşdur. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi,  ana nənəsi Aişə xanım isə görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi. Balaca Səmədin 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat etmiş, o atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyümüşdür. Uşaqlıq illərini doğma kəndində keçirən şair ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.

Hər şeylə maraqlanan gələcəyin şairi həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab biri olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Məlahətli səsi olduğundan gözəl mahnı oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.

Səməd Vurğunun eşq macəraları çox olub. Amma Dürrə adlı qıza olan nakam məhəbbəti dillərdən düşməyib. Sevgisi daşa dəyən şairə Dürrə ilə ailə həyatı qurmaq nəsib olmayıb. Onu deyil, varlı birini seçən Dürrənin ərə getmə xəbərini eşidəndə, hətta şair özünü öldürmək də istəyibmiş. Sonralar  əski dildarını seyr etməkdən ruhi bir qida alan Vurğun Dürrəni görmək üçün saatlarla onun gələcəyi yolda dayanırmış…

Deyilənə görə, məşhurluğun zirvəsində olduğu illərdə poeziya gecələrinin birində alqışlar altında səhnəyə qalxan Səməd Vurğuna  Dürrə söz atır.   Deyir ki, çox öyünmə, səni şair edən mənə məhəbbətin olub. Səməd Vurğun isə ona belə deyir: Əgər elədirsə, ərini niyə şair etmirsən?  Amma həqiqət odur ki, Dürrə onu şair etməsə də, Vurğun edə bilir. Şairə bu  təxəllüsü elə məhz Dürrəyə sevgisi qazandırır…

Abdulla Şaiqin yaxın qohumu olan  Xavər xanım Mirzəbəyova ilə ailə həyatı quran şairin bu izdivacdan 2 oğlu və 1 qızı dünyaya gəlib. Onun ömür yolunda ən çox diqqətçəkən məqamlardan biri isə Xalq şairi adını almasıdır.  Ömrünün 50-ci baharında   Azərbaycanda ilk xalq şairi adına layiq görülən S.Vurğuna  əfsuslar olsun ki, mükafatın sevincini doyunca yaşamaq nəsib olmadı. Ağciyər xərçəngindən əziyyət çəkən şair cəmi iki həftə sonra  həyatla vidalaşdı…

respublika.az

Faydalı linklər